Azərbaycan, Rusiya və İran Sərhəd xidməti rəhbərləri Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan, Rusiya və İran Sərhəd xidməti rəhbərləri Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə ediblər
# 12 mart 2016 07:05 (UTC +04:00)

Bakı - APA. Bakıda martın 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.

DSX-nın Mətbuat Mərkəzindən görüşdə Xəzər dənizində vəziyyət və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinin təmin olunması üzrə əməkdaşlığın vəziyyəti və perspektivləri, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qanunsuz balıq ovu kimi hərəkətlərlə mübarizə istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, qeyd olunan sahələr üzrə qarşılıqlı məlumat və təcrübə mübadiləsinin aparılmasına hazırlıq ifadə edilib.

Müzakirələr zamanı Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin olunması məqsədilə, qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə sərhəd təlimləri və razılaşdırılmış əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin zəruriliyi qeyd olunub, tərəflər arasında sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərlərinin təşkil edilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıları vurğulayıblar ki, Xəzər dənizində hər hansı qanunsuz fəaliyyətə qarşı mübarizə üzrə sərhəd xidmətlərinin əməkdaşlığının həyata keçirilməsi Xəzər dənizinin akvatoriyasında, o cümlədən bütövlükdə regionda sərhəd təhlükəsizliyi və stabilliyin təmin olunmasına xidmət edəcək.

Görüşdə həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin icrasından irəli gələn məsələlərin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə sərhəd qurumları arasında əməkdaşlığın genişləndirilməsi, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR