Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib

Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib
# 28 aprel 2016 20:13 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Ümumi Yığıncağı keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, Azərbaycan Şəhər və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ümumi Yığıncağın işində Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının və Nəzarət-təftiş komissiyasının hesabatları, 2016-cı il üçün büdcə, yerli büdcənin formalaşması və iqtisadi potensialın dayanıqlı maliyyə mənbələri üzərində qurulması məsələləri müzakirə olunub. Qeyd edilib ki, hesabatı əhatə edən dövrdə Assosiasiya yerli özünüidarəetmə məsələləri ilə bağlı Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, beynəlxalq qurumlar və qeyri hökumət təşkilatları, xarici ölkələrin assosiasiyaları və bələdiyyələri ilə əməkdaşlıq əlaqələrini müntəzəm davam etdirib.

Tədbirdə iştirak edən Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş bölməsinin müdiri Emin Eyvazov son 1 il ərzində Milli Assosiasiyalar tərəfindən bələdiyyələrin fəaliyyətlərinin əlaqələndirilməsi, ölkədə yerli özünüidarəetmənin gücləndirilməsi və inkişaf etdirilməsi üçün bir çox işlər görüldüyünü qeyd edib: "Bələdiyyələrimiz işlərini elə qurmalıdır ki, həm büdcə gəlirləri öz tələblərini ödəyə bilsin, həm də vətəndaşlar arasında nüfuzu və hörməti artsın. Bələdiyyələrimiz irəliləyişin əldə olunması üçün vergi ödəyicilərinin dəqiq uçotunu aparmalı və yerli büdcələrə daxilolmaların artmasını təmin etməlidir ki, layihələrin sayı çoxalsın, vətəndaşların sosial sifarişləri tam təmin edilsin, bələdiyyələrin fəaliyyətinin səmərəliliyi qənaətbəxş olsun“.

Tədbirdə bir sıra təşkilati məsələlərin müzakirəsi də aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR