Türkiyənin tanınmış uşaq yazıçısı: ““Türk cümhuriyyətləri ədəbiyyatı” seriyasının çapına başlayacağıq” - MÜSAHİBƏ

Türkiyənin tanınmış uşaq yazıçısı: ““Türk cümhuriyyətləri ədəbiyyatı” seriyasının çapına başlayacağıq” - <span style="color: red;">MÜSAHİBƏ
# 14 dekabr 2015 13:00 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə uşaq ədəbiyyatının tanınmış yazarı və naşiri Həsən İgidin APA-ya müsahibəsi

- Uşaq yazıçısı kimi Türkiyə sizi yaxşı tanıyır. Azərbaycan oxucusu üçün özünüz barədə nələr demək istərdiniz?

- Peşəm ədəbiyyat müəllimliyidir. Dil təhsilim yaxşı oldu. Universitetdə dil təhsilini müəllim-tələbə münasibəti içində deyil, usta-köməkçi münasibəti içində aldım.

- Ustanız kim idi?

- Mənim ustalarım Türk Dil Qurumunun lüğət qrupuna başqanlıq etmiş və Türk Dil Qurumunda mühüm vəzifələr tutmuş adamlar idi. Onlar məni xüsusi şəkildə seçib yetişdirdilər. Məni yetişdirən insanlar arasında türkcənin və uşaq ədəbiyyatının ən böyük ustası Kamal Dəmiray gəlir. Mən məktəbdən kənar saatlarda gedib Kamal Dəmiraya lüğət hazırlama işlərinə kömək edərdim. “Bizim yerimizi kim tutacaq? Səni yetişdirəcəyik”, - deyərdi. O vaxtlar mən 20 yaşlarımda idim. Uşaq ədəbiyyatı yazarı olmağım üçün Kamal Dəmiray mənə çox böyük dəstək verdi. Uzun müddət radioda türkcənin xüsusiyyətlərini izah edən proqram vardı. O proqramın aparıcısı Emin Özdəmir idi. Emin hocam da mənim yazılarımı diqqətlə analiz edir və imtahanlarda mənə çox aşağı qiymət verirdi. 5 nəfər gəncdən ibarət bir sinif yaradaraq bizə dedilər ki, siz yazar olacaqsınız, şair olacaqsınız, sizdəki istedadı görürük. Həmin 5 arkadaşdan əsər verməyən olmadı, amma 3 nəfər daha sonrakı əsərləriylə Türkiyənin tanınmış yazarları arasında öz yerini tutdu. Emin Özdəmirə deyəndə ki, niyə mənə aşağı qiymət yazırsınız? Deyirdi ki, hələ istədiyim səviyyəyə gəlməmisən, bizim yerimizə sən keçəcəksən. Kamal Dəmiray və Emin Özdəmirdən sonra yazar olmağım üçün mənə düzgün yol göstərən insanlardan biri də rəhmətlik Şükrü Kurqan hocam idi. Şükrü Kurqan xalq ədəbiyyatının toplanması və araşdırılması sahəsində Türkiyənin ən böyük mütəxəssisi idi. Bizdə Nəsrəddin xoca var, onun Ağşəhərdəki məzarının ətrafında divar yoxdur. Ancaq üstündə asma qıfıl olan bir qapı var, qapının yanından keçib qəbristanlığa girmək mümkündür. Bu da Nəsrəddin xocaya bənzəyən bir məzar qapısıdır. Şükrü Kurqan xocam Çindən Avstriyaya qədər Nəsrəddin xocayla bağlı lətifələri və əfsanələri toplayıb. Uzun müddət Türkiyənin Parisdəki səfirliyində mədəniyyət attaşesi olub, dünyanın bir çox yerində əsərləri çıxıb. Mən də Nəsrəddin xocayla bağlı ətraflı araşdırmalar apararaq geniş şəkildə yazdım. Emin Özdəmir xocamın yönləndirilməsiylə türk diliylə bağlı ətraflı tədqiqatlar aparmışam. Hazırda universitetlərdə ən yaxşı mənbə kimi Kamal Dəmirayın geniş əhatəli kitabından istifadə edilir. Bundan əlavə, Kamal Dəmirayın Böyük Türk Sözlüyü var, hələ də ondan istifadə edilir. Mən də lisey şagirdlərinə dəstək olmaq məqsədilə türkcə təxminən 500 sözdən ibarət sözlük yazdım. Türk Dil Qurumunun böyük ümumi lüğətində 2700 söz var, mənim lüğətimdə isə 2600 kəlmənin izahı verilib. Atalar sözlərini və deyimləri ayrıca kitab şəklində yazmışam. Hal-hazırda məktəblərimizdə o kitablar oxunur. Yazdığım uşaq kitablarına gəlincə: birinci siniflər üçün “Oxuma səbəti” adlı kitabım var, uşaqlarımızın düzgün danışması üçün 10 kitabdan ibarət bir komplektdir. İkinci sinifdən üzüyuxarı hər sinif üçün xüsusi cəhətləri olan 10 kitablıq komplektlər yazmışam. Üçüncü siniflər üçün yazdığım kitabların birində Qız qalası əfsanəsinə də yer verilib.

- Azərbaycanda da var...

- Bəli. Bizdə Qız qülləsi geniş yayılıb. Hazırda mən İstanbulun Bəyoğlu bələdiyyəsinin sifariş və layihələri əsasında Bəyoğlunun tarixinə dair kitablar yazıram. Xüsusilə, şagird və tələbələrin həyatı haqqında pyeslər yazıram. İllər əvvəl Azərbaycanda “Koroğlu” adlı kitabımın çap edildiyini bilirəm. Bundan sonrakı dönəmlərdə də Azərbaycanda kitablarımın çap ediləcəyinə inanıram. Azərbaycanlı qardaşlarımızla mədəniyyət sahəsindəki əməkdaşlığımızda bölüşə biləcəyimiz çox şey var.

- Kitab komplektlərinizin Balkan ölkələrində də tanındığını bilirik.

- Oraya Türkiyədən kitablar göndəririk. Oradakı türk məktəbləri və türkdilli oxucular mənim əsərlərimi yaxşı tanıyırlar. Bolqarıstanda “Qara dənizdəki uzaylı” adlı pyesim çap edilib.

- Kitablarınızın Azərbaycana da göndərilməsi və sahibi olduğunuz nəşriyyatda Azərbaycan ədəbiyyatından kitabların çap edilməsinə dair istək və planlarınız varmı? Azərbaycanla hansı formalarda əməkdaşlıq etmək istərdiniz?

- Hazırda mən nəşriyyatımda öz əsərlərimi çap etməklə məşğulam. Şirkətimdə son aylarda çap etdiyim təxminən 20 min nüsxə kitabım var. Türkiyədən və başqa ölkələrdən yazarların əsərlərini çap etməyi düşünürəm. Türk cümhuriyyətlərindən, türk qardaşlarımızın yaşadığı bölgələrdən qonorar haqlarına riayət etmək şərtiylə “Türk cümhuriyyətləri yazarları” silsiləsinin çapına başlamağı düşünürəm. O bölgələrin uşaq ədəbiyyatı yazarlarının əsərlərini diqqət mərkəzinə çəkmək istəyirəm. Nəşriyyatımızın qapısını bu işlərə açırıq, sizi də bu işlərdə həm tərcüməçi və həm də redaktor kimi tərlədəcəyik. Bu işə başladıq, bayaq sizin təklif etdiyiniz kitabı çap etmək barədə qərar qəbul etdik. Başqa yazarların əsərlərini çap etməyə də hazırıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR