Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində işçi qrupu yaradır

Azərbaycan və Monqolustan mülki aviasiya sahəsində işçi qrupu yaradır
# 21 dekabr 2015 14:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dekabrın 21-də Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov “Mongolian Airlines” (MIAT) aviaşirkətinin prezidenti və baş icraçı direktoru Tamir Tumurbaatarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində Azərbaycan və Monqolustan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də sərnişin və yük daşımalarının artırılması haqqında uzunmüddətli planlar müzakirə olunub.

Həmçinin görüşdə qeyd edilib ki, mülki aviasiya sahəsində yaradılmış infrastruktur, eləcə də ərazisindən "Böyük İpək Yolu" keçən Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizin üzərindən malların Avropa və Sakit Okean hövzəsi ölkələrinə daşınması üçün yaxşı imkanlar yaradır.

Danışıqların nəticəsində AZAL və MIAT nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə qərar qəbul edilib. Əməkdaşlıq perspektivləri ilə bağlı konkret təkliflərin müzakirə olunması üçün qrupun ilk iclası gələn il Ulan-Batorda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR