Küveyt şirkətinin rəhbəri Bakı Ali Neft Məktəbində olub

Küveyt şirkətinin rəhbəri Bakı Ali Neft Məktəbində olub
# 04 dekabr 2015 07:56 (UTC +04:00)

Bakı-APA. Küveytin Afnan Beynəlxalq Şirkətinin (Afnan International Holding Company) rəhbəri Mübarək əl-Cassim Bakı Ali Neft Məktəbində (BANM) olub. Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rektor Elmar Qasımov qonağa Ali Məktəbin tarixindən danışaraq BANM-in 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın strukturunda yaradıldığını vurğulayıb. Rektor bildirib ki, Ali Məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar mühəndis kadrların hazırlanmasıdır. Rektor prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin bu Ali Məktəbdə reallaşdırıldığını deyib.

O, Ali Məktəbdə təhsilin ödənişsiz olduğunu qonağın diqqətinə çatdırıb. Rektor tədrisin ingilis dilində aparıldığını və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları əsasında həyata keçirildiyini vurğulayıb. Həmçinin imtahanların Heriot-Vatt Universitetinin professorları tərəfindən keçirildiyini və tələbələrin biliyinin tam şəffaf qiymətləndirildiyini bildirib. O, hər il ali məktəblərə qəbul imtahanında ən yüksək bal toplayan tələbələrin Ali Məktəbi seçdiyini və Prezident təqaüdçüsü adını qazanan BANM tələbələrinin sayının hər il artdığını deyib. Elmar Qasımov Küveytdə neft üzrə ali təhsil müəssisəsinin yaradılmasına dəstək verməyə hazır olduğunu açıqlayıb.

Mübarək əl-Cassim Azərbaycana ilk dəfə səfər etdiyini və Bakıya birinci dəfə gəldiyini deyib. O, ixtisasca mühəndis olduğunu bildirərək təmsil etdiyi şirkət haqqında məlumat verib. Mübarək əl-Cassim Küveytdə yeni ali məktəb yaradılması məsələsi ilə bağlı körfəz regionunda neft və qaz təlimini gücləndirmək üçün beynəlxalq əməkdaşlığa maraq göstərdiyini bildirib. Bu məqsədlə BANM-in fəaliyyəti ilə ətraflı tanış olmaq üçün ali məktəbi ziyarət etmək arzusunda olduğunu deyib. O, bu sahədə əməkdaşlığa ümidini ifadə edərək, həmçinin tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

Görüşdə, qarşılıqlı əlaqələrin qurulması üçün əməkdaşlıq, o cümlədən digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdən sonra Mübarək əl-Cassim BANM-in tədris auditoriyalarını gəzərək professor-müəllim heyəti və tələbələrlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR