Neft Emalı Zavodunun istehsal gücünün artırılmasını nəzərdə tutan ilkin mərhələ yekunlaşır

Neft Emalı Zavodunun istehsal gücünün artırılmasını nəzərdə tutan ilkin mərhələ yekunlaşır
# 25 noyabr 2015 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu ilə “SOCAR Foster Viler Mühəndis Xidmətləri” MMC arasında imzalanmış müqaviləyə əsasən, zavodun neftin ilkin emalı qurğusunun xam neftə görə məhsuldarlığının illik 6 mln. tondan 7,5 mln. tonadək artırılması məqsədi ilə həyata keçirilən PreFEED mərhələsi başa çatmaq üzrədir.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, rekonstruksiya işlərini nəzərdə tutan bu mərhələ əsas ofisi Milan şəhərində yerləşən AFV (Amec Foster Viler) və Bakıda fəaliyyət göstərən SFV şirkətləri tərəfindən icra olunur.

Qeyd edək ki, rekonstruksiya işlərinə başlamaq üçün bu ilin iyun ayında Bakıda keçirilmiş ilkin əlaqələndirmə iclası zamanı texniki-texnoloji məsələlərə aydınlıq gətirilmiş, qurğu üzrə mövcud texniki mühəndislik sənədləri icraçı tərəfə təqdim olunub. Aparılmış layihələndirmə tədqiqat işləri nəticəsində podratçı tərəfindən ilkin emal qurğusunun yeni texnoloji konfiqurasiyası müəyyənləşmiş və texniki məlumatlar “Aspentech Hysys v.7.3”, “Promax 3.2” mühəndislik proqramları və digər müasir proqramlar vasitəsi ilə işlənərək simulyasiya olunub.

Beləliklə, qarşıya qoyulan prioritet məsələlər istiqamətində işlərə start verilib, NEZ tərəfindən Texniki Tapşırıq əsasında bir sıra mühəndislik parametrləri üzrə tələblər irəli sürülüb. İlkin emal qurğusunun rekonstruksiyası üzrə layihənin uğurlu icrası üçün layihə üzrə PMC şirkət olan (layihənin idarəedici podratçısı) “Fluor” ilə birlikdə bütün texniki imkanlardan istifadə olunub.

Yaxın zamanda PreFEED mərhələsinin tamamlanması nəzərdə tutulur. Bundan sonra layihənin növbəti - FEED (İlkin detallı layihələndirilmə) mərhələsinə keçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR