Britaniyada nəşr olunan “Diplomat” jurnalının may-iyun sayı Bakı-2015 Avropa Oyunlarına həsr edilib

Britaniyada nəşr olunan “Diplomat” jurnalının may-iyun sayı Bakı-2015 Avropa Oyunlarına həsr edilib
# 13 may 2015 11:32 (UTC +04:00)

Bakı – APA. Böyük Britaniyanın “Diplomat” jurnalının may-iyun sayı Bakı-2015 Birinci Avropa Oyunlarına həsr edilib.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, 11 səhifəlik xüsusi nəşr səfirliyin təşəbbüsü və dəstəyi ilə hazırlanıb.

Jurnalın xüsusi sayında Azərbaycanın idman və gənclər naziri Azad Rəhimovla müsahibə, eləcə də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Bakı-2015 Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş əməliyyat direktoru Saymon Kleqin yazıları yer alıb.

Səfir Tahir Tağızadə jurnal oxucularına müraciətdə bu mühüm idman hadisəsinin əhəmiyyətinə toxunub, “Diplomat” jurnalının redaktoru V. Kuffeler isə geniş müəllif yazısında Bakı-2015 Avropa Oyunlarının ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına verdiyi töhfədən bəhs edib.

Jurnalın xüsusi sayında Azərbaycanın beynəlxalq olimpiya hərəkatında iştirakı və indiyədək əldə etdiyi nailiyyətlər, eləcə də Bakı-2015 Birinci Avropa Oyunlarının qrafiki, yeni tikilən idman qurğuları, yenilənən infrastruktur və yarışda iştirak edəcək idmançılar haqqında ətraflı məlumatlar verilib.


Londonda akkreditə olunmuş diplomatik korpus arasında çox populyar olan “Diplomat” jurnalının oxucu kütləsinə Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvləri, Lordlar Palatasının xarici məsələlərlə məşğul olan üzvləri, Avropa İttifaqının komissarları, yüksək vəzifəli şəxsləri və Avropa Parlamentinin üzvləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR