Nazir: "Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqları əngəlləyir"

Nazir: "Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqları əngəlləyir"
# 02 noyabr 2016 14:44 (UTC +04:00)

Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşündə deyib.

Nazir əlavə edib ki, Ermənistan destruktiv siyasəti və təxribatçı əməlləri ilə danışıqlar prosesində irəliləyişin əldə olunmasını əngəlləməyə çalışır.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri davamlı olması faktını qəbul etdiklərini bildirib və güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Öz növbəsində, S. Şükri Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Misirin mövqeyinin prinsipal xarakter daşıdığını və bu məsələdə beynəlxalq legitimlik və BMT Təhlükəsizlik Şurasının müvafiq sənədlərinə əsaslandığını bildirin. O, Misirin regionda davamlı sülh və sabitliyin bərqərar olmasını arzuladığını vurğulayıb.

E. Məmmədyarov Misirin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin, Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar yolu ilə həll edilməsinə dair mövqeyinin təqdir edildiyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR