İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub.
"APA-Economics"in məlumatına görə, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-aprel ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 485,3 mln. ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 19,3% artıb. Cari ilin yanvar-aprel ayları ərzində Rusiya Federasiyasına 135,4 mln., Türkiyəyə 127,2 mln., Gürcüstana 52,5 mln., İsveçrəyə 39,6 mln. və Çinə 16 mln. ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2018-ci ilin ilk 4 ayı ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (47,3 mln. ABŞ dolları), tomat (42,5 mln. ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilenin (35 mln. ABŞ dolları) ilk 3 yer tutub.
Ümumiyyətlə isə yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 mln., plastmas və onlardan hazırlanan məmulatların ixracı 45,8 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 mln., qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 mln., kimya sənayesi məhsullarının ixracı 18,4 mln. ABŞ dolları olub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 4 ayı ərzində elektrik enerjisinin ixracı 2,9 dəfə, pambıq ipliyi ixracı 37,4%, kimya sənayesi məhsullarının ixracı 27,4%, meyvə-tərəvəzin ixracı 27,3%, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6%, çayın ixracı 12,2%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin aprel ayında isə qeyri-neft sektoru üzrə ixrac 128,9 mln. ABŞ dolları təşkil edib. 2018-ci ilin aprel ayında ən çox qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (36,7 mln. ABŞ dolları), Türkiyə (29,6 mln. ABŞ dolları), Gürcüstan (20,6 mln. ABŞ dolları), İsveçrə (5,8 mln. ABŞ dolları) və Çin (4 mln. ABŞ dolları) qərarlaşıb. 2018-ci ilin aprel ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) birinci (18,5 mln. ABŞ dolları), elektrik enerjisi (13,4 mln. ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,8 mln. ABŞ dolları) isə üçüncü olub.