Bu ilin I rübündə Azərbaycan banklarında qorunan əmanətlərin həcmi kəskin artıb

Bu ilin I rübündə Azərbaycan banklarında qorunan əmanətlərin həcmi kəskin artıb
# 16 may 2015 07:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin I rübündə fiziki şəxslərin cəmi əmanətləri (7 492 mln. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 65%-ni təşkil edib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, I rübdə fiziki şəxslərin cəmi əmanətləri ümumilikdə 814 mln. manat və ya 12,2% artaraq 7,5 mlrd. manat, qorunan əmanətlər 1011 mln. manat və ya 33,2% artaraq 4,1 mlrd. manat, qorunmayan əmanətlər isə 197 mln. manat və ya 5,4% azalaraq 3,4 mlrd. manat olub.

I rübdə fiziki şəxslərin (7,5 mlrd. manat) cəmi əmanətlərinin 54,1%-ni qorunan əmanətlər, 45,9%-ni isə qorunmayan əmanətlər təşkil edib.

Kompensasiya olunan əmanətlər 21,9% və ya 369 mln. manat artaraq 2 054 mln. manat olub ki, bu da qorunan əmanətlərin 47%-ni təşkil edir.

Üzv banklar tərəfindən 6 985 590 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 257 920 nəfəri və ya 89,6%-i qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,5%-nin əmanəti 30 min manata qədər olduğu üçün 100% kompensasiya edilir.

Qorunan əmanətlərin 52%-i ABŞ dollarının, 44%-i manatın, 4%-i avronun payına düşür.

Hazırda Fondun sığorta ehtiyatları 99 mln. manat təşkil edir.

Fondun sərbəst vəsaitlərinin idarə edilməsi Fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 83 mln. manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,3% təşkil edib. Fondun 5 mln. avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Qeyd edək ki, fondun gəlirləri 5,9 mln. manat olub ki, bunun da 5 mln. manatını sığorta haqları, 867 min manatını isə faiz gəlirləri təşkil edib. Fondun cəmi xərcləri 386 min manat təşkil edib.

Hazırda fondun iştirakçısı olan bankların sayı 44-dür.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12%-dir.

24 fevral 2015-ci il tarixinədək iştirakçı banklarda illik maksimum 12%-lə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixdən etibarən qorunan əmanət hesab olunur və fond tərəfindən sığortalanır.

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Məlumat üçün bildiririk ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR