Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müsabiqə elan edir
# 03 noyabr 2014 13:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə II Respublika Müsabiqəsi elan edir.

Komitədən APA-Economics”ə verilən məlumata görə, müsabiqə Azərbaycan prezidentinin 10 yanvar 2014-cü il tarixli sərəncamı ilə elan edilmiş 2014-cü il Azərbaycanda “Sənaye ili” çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tədbirlər planına daxil edilib.

Müsabiqə 2013-cü ildə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında “İlin Patenti” nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə Azərbaycanın hüquqi və fiziki şəxslərinə məxsus olan və 2013-cü ildə Avrasiya Patent İdarəsində qeydiyyata alınan Avrasiya patentləri də təqdim oluna bilər.

Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri və pul mükafatları təqdim olunacaq.

Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;

- Patentin əsli ilə birlikdə surəti;

- Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düstüru, referatı, texnoloji sistemi, cizgiləri və s.);

- Mümkün istifadə sahəsi göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;

- Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);

- Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri bu ilin dekabrın 4-nə kimi həftənin I-V günləri saat 14.30-dan 17.30-dək Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) İnformasiya təminatı şöbəsinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 53) təqdim edə bilərlər.

Daha ətraflı məlumat almaq üçün 412 594 37 70 (71) daxili 2-08; (050/ 055/070) 319 07 21 telefon nömrələri ilə (əlaqəli şəxs Alı İsmayılov) müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR