Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Forumu keçirilir - FOTOSESSİYA

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Forumu keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Bakı Forumu keçirilir.

APA-Economics”in məlumatına görə, İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin II Bakı Forumu və “Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf” mövzusunda II Beynəlxalq Konfrans da İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun 50 illik yubileyinə həsr olunub.

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun, İƏT-nin, “EcoMod Network” şirkətinin və “EKO” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum-konfransda İƏT-ə üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin rəhbərləri, 21 ölkədən nümayəndə iştirak edir. Tədbirə 26 ölkədən 200-ə yaxın məqalə təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun yaranmasının 50 illiyi tamam olur. Onun sözlərinə görə, institut Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını praktiki olaraq işləyən ilk tədqiqat müəssisəsidir: “İnstitutun yaradıldığı vaxtda yəni, 1964-cü ildə iqtisadiyyatın inkişafında yeni dövrün əsası qoyulub. Bütün bunlar isə institutun fəaliyyətində canlanma yaradıb, elmi-tədqiqat işlərinin sayı artmağa, səmərəliliyi yüksəlməyə başlayıb. 1977-ci ildə institutun yeni binası istifadəyə verilib, maddi-texniki bazası və kadr potensialı möhkəmləndirilib”.

Nazir bildirib ki, institut keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını təmin edən elmi-tədqiqat müəssisəsi kimi İqtisadi İslahatlar Mərkəzi adı ilə yenidən formalaşdırılıb: “İnstitutda aparılan elmi tədqiqatlar Azərbaycanda iqtisad elminə, eləcə də ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib, yüzlərlə alim və dövlət xadimi müxtəlif vaxtlarda bu elmi-tədqiqat müəssisəsində çalışıb. Bu ilin oktyabrın 2-də institutun 50 illiyi tamam olur”.

Ş. Mustafayev qeyd edib ki, bu gün də institut Azərbaycanda həyata keçirilən davamlı sosial-iqtisadi siyasətə uyğun analitik elmi-tədqiqat işləri aparır, gələcək iqtisadi inkişaf istiqamətlərinin elmi əsaslarının hazırlanmasında fəal iştirak edir: “İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu İƏT-in İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun yaranmasının, Beyin Mərkəzləri Forumunun təsis olunmasının, İƏT-in “İqtisadiyyat” jurnalının redaksiya heyətinin formalaşmasının əsas təşəbbüskarlarındandır”.

Nazir əlavə edib ki, Azərbaycan İƏT-lə əməkdaşlığa önəm verir və təşkilatın üzv ölkələrdə fəaliyyətində maraqlıdır: “İqtisadi əməkdaşlığın genişləndirilməsi və ticarət əlaqələrinin artırılması üçün Azərbaycan İƏT-ə üzv ölkələrlə 10-dan çox müxtəlif sənəd imzalayıb. Bu isə Azərbaycanın İƏT-ə üzv olan ölkələrdə həyata keçirilən infrastruktur və iqtisadi layihələrdə fəal iştirakına şərait yaradıb. Azərbaycan İƏT çərçivəsində təkcə iqtisadi sahədə deyil, həmçinin sosial, elmi, mədəni və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Bu baxımdan iqtisadi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı, bu məqsədlə forum və konfransların keçirilməsi əhəmiyyətlidir”.

İƏT baş katibi Şamil Ələsgərov təşkilata üzv ölkələr arasında əməkdaşlığın genişləndiyini və bu prosesin davamlılığı məqsədilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, “EcoMod Networking” şirkətinin prezidenti Əli Bayar, İslam Dövlətləri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) baş katibi Savaş Alpay çıxışlarında İƏT-ə üzv ölkələrin iqtisadi beyin mərkəzləri arasında elmi əməkdaşlığın gücləndirilməsi sahəsində görülmüş işlərdən və əldə edilmiş nəticələrdən, iqtisadi beyin mərkəzlərinin əməkdaşlığı sahəsində gələcək fəaliyyətin iqtisadi siyasətdə və regional inteqrasiyada əhəmiyyətindən bəhs edib, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda aparılan tədqiqat işlərini müsbət qiymətləndiriblər.

Konfrans enerji və ətraf mühit, investisiya və sosial mövzularında sessiyalarla davam edib. Sessiyalarda İƏT-ə üzv ölkələrin, həmçinin tədbirdə iştirak edən digər ölkələrin ekspertlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.

3 gün davam edəcək konfrans çərçivəsində sosial-iqtisadi inkişaf, sənaye, innovasiyalar, kənd təsərrüfatı, regional inteqrasiya, enerji, ticarət, investisiya mövzularında sessiyalar, sənaye, modelləşdirmə, tədqiqatlar və inkişafa dair dəyirmi masalar keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR