“DəmirBank” 25 yaşını qeyd edir

“DəmirBank” 25 yaşını qeyd edir
# 10 oktyabr 2014 14:56 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanın aparıcı banklarından biri olan “DəmirBank” 25 yaşını qeyd edir. Bank 6 Oktyabr 1989-cu ildə təsis olunmuş ölkənin ilk kommersiya banklardandır. Bankın 25 illik fəaliyyəti yalnız tarix deyil, həm də bu illər boyu əldə edilmiş təcrübə, keyfiyyətli xidmət, ötən dövr ərzində qazanılmış müştəri etimadı deməkdir. Yarandığı vaxtdan əsas iş prinsipləri hər bir müştəriyə fərdi yanaşma, rahat və keyfiyyətli xidmət təqdim etmək olan “DəmirBank”, ötən illər ərzində bir sıra uğur və nailiyyətlərə imza atıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Beynəlxalq səhmdarların mövcudluğu Banka etibarı əks edib və onun inkişafı üçün yeni imkanlar yaradıb.

2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığa başlamaqla, “DəmirBank” ölkədə beynəlxalq reytinq alan ilk bank olub. Bank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

“DəmirBank” maliyyə göstəricilərinə görə Azərbaycan bank sektorunda öncül banklar sırasındadır. 1 sentyabr 2014-cü il tarixinə bankın aktivləri 425,3 mln. manata çatıb. Qeyd olunan tarixə bankın kredit portfeli 321,6 mln., depozit portfeli isə 187,9 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri hər il 15-20% artaraq 160,5 mln. manat təşkil edib ki, bu da əhalinin Banka olan etimadının göstəricisidir.

“DəmirBank” kreditləşmə və ticarət maliyyələşdirilməsi proqramları üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, İslam Korporasiyası və sair beynəlxalq maliyyə təşkilatları ilə, eləcə də Sahibkarlığa Kömək Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə fəal əməkdaşlıq edir.

Bankın 13-ü Bakı şəhərində, 20-i isə ölkənin Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqan kimi şəhərlərində yerləşən geniş filial şəbəkəsi vasitəsilə müştərilərə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, biznes, istehlak və ipoteka kreditlərinin verilməsi, akkreditiv və zəmanətlərin açılması, lizinq xidmətləri, klirinq əməliyyatları, plastik kartların emissiyası, təcili pul köçürmələri, inkassasiya, bank seyflərinin icarəsi, İnternet-Bank, SMS-Bank, Telefon-Bank və sair xidmətlər daxil olmaqla geniş çeşidli bank xidmətləri təklif edir.

Özünün cəmiyyət qarşısında sosial məsuliyyətini tam dolğunluğu ilə dərk edən “DəmirBank” korporativ sosial məsuliyyət proqramı çərçivəsində hər il sosial və ictimai əhəmiyyətli layihələrdə iştirakını da gücləndirməkdədir.

Bu gün 25 yaşını qeyd edən DəmirBankın əsas hədəfi daha yüksək nailiyyətlərə imza atmaq və ölkəmizin qabaqcıl banklarından biri olaraq qalmaqdır.

“DəmirBank” 25 illik tarixi ərzində qazanılmış nailiyyətlərə görə müştərilərinə və tərəfdaşlarına təşəkkür edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR