Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi heyvanların "Nodulyar dermatit" xəstəliyinə yoluxması ilə əlaqədar yenidən bölgələrə səfər edib

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi heyvanların "Nodulyar dermatit" xəstəliyinə yoluxması ilə əlaqədar yenidən bölgələrə səfər edib
# 27 oktyabr 2014 16:08 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Oktyabrın 27-də Cəlilabad rayonunda olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları Cəlilabad rayonunun Alar kəndindəki təsərrüfatlarda "Nodulyar dermatit" virus xəstəliyinə yoluxub müalicə edilmiş heyvanlara baxış keçiriblər.

Xidmətdən APA-ya verilən məlumata görə, S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri, fermer və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüş keçirib.

S. Rüstəmova bildirib ki, “Nodulyar dermatit” virus xəstəliyi baş verəndən bu günə kimi Cəlilabad rayonunun yalnız bir kəndində - Alar kəndində 79 baş iribuynuzlu heyvanda müşahidə olunub: “Xəstəliyin digər kəndlərə keçməsinin qarşısı aparılan ciddi profilaktik tədbirlər, eləcə də yerli rayon icra hakimiyyətinin bilavasitə dəstəyi ilə heyvan bazarının vaxtında bağlanması sayəsində alınıb. Aparılan dezinfeksiya və simptomatik müalicə tədbirlərinin nəticəsində Cəlilabad rayonunda heyvanlar arasında nodulyar dermatit virus xəstəliyindən tələfat qeydə alınmayıb”.

Təsərrüfatlara baxış və sakinlərlə görüşdən sonra Xidmətinin rəisi yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən Cəlilabad rayonuna, eləcə də xəstəlik qeydə alınan digər rayonlara kifayət miqdarda dezinfeksiyaedici, çimizdirmə maddələri və simptomatik müalicə üçün dərman preparatları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR