Artur Rəsizadə Niderland Krallığının infrastruktur və ətraf mühit nazirini qəbul edib

Artur Rəsizadə Niderland Krallığının infrastruktur və ətraf mühit nazirini qəbul edib
# 07 noyabr 2014 15:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Noyabrın 6-da baş nazir Artur Rasizadə Niderland Krallığının infrastruktur və ətraf mühit naziri Melanie Şults van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Niderland Krallığı arasında qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğu nəzərə çatdırılıb.

Görüşdə qeyd edilib ki, Niderlandın bir sıra şirkətlərinin ölkəmizdə həyata keçirilən iri layihələrdə iştirakı, xüsusən Bakı buxtasında və Kür çayı ərazisində dərinləşdirmə, elmi-tədqiqat işlərinin aparılması, milli su ehtiyatlarının öyrənilməsi, dib dərinləşdirici gəmilərin təchizatı və digər istiqamətlərdə fəaliyyəti qənaətbəxşdir. Bu baxımdan Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində aparılan danışıqlar, habelə “Su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ikitərəfli əlaqələrin inkişafı üçün çox mühüm amil kimi qiymətləndirilib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunulub, bir sıra beynəlxalq təşkilatların problemin həllinə ikili standartlarla yanaşmasının yolverilməzliyi vurğulanıb, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyü qeyd edilib.

Qəbulda tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR