Azərbaycan fermerlərinə 26 mln. manat subsidiya ayrılıb

Azərbaycan fermerlərinə 26 mln. manat subsidiya ayrılıb
# 25 iyul 2014 15:46 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyində (KTN) Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən “APA –Economics”ə verilən məlumata görə, Respublika Komissiyasının sədri İlham Quliyev qeyd edib ki, 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına görə yardım verilir. Bu məqsədlə 2014-cü ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 36 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.

İclasda komissiya üzvlərinin təklifi əsasında Abşeron və Şuşa Rayon Komissiyaları və Mingəçevir Şəhər Komissiyasından daxil olmuş sənədlərin yenidən araşdırılması barədə qərar verilib.

Respublika Komissiyası qalan 33 rayon (şəhər) komissiyası üzrə 202 966 istehsalçıya 651 092,78 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 26 mln. 043 min 711,2 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Həmçinin, bu iclasda rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbəği barədə məlumatların Nazirliyin rəsmi internet səhifəsində (http://agro.gov.az) yerləşdirilməsi qərara alınıb.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, Respublika Komissiyası 4 satıcı təşkilat tərəfindən 4868 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 44234,27 hektara görə 50% güzəştlə satılmış 8403,3 ton mineral gübrə üçün 1 mln. 851min 166 manat dövlət büdcəsi vəsaitinin onlara ödənilməsi barədə qərar qəbul edib və bununla bağlı müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR