NATO sammiti işini davam etdirir

NATO sammiti işini davam etdirir
# 05 sentyabr 2014 10:55 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Sentyabrın 4-də Uelsin Nyuport şəhərində başlayan NATO-nun zirvə görüşü bu gün öz işini davam etdirir. APA-nın məlumatına görə, hərbi təyyarələrin nümayişindən sonra sammitin ikinci iş gününə start veriləcək. Gün ərzində liderlər və XİN başçılarının qəbul olunacaq yekun qətnamə ilə bağlı müxtəlif görüşləri gözlənilir.

Sentyabrın 4-də gündəmdə olan əsas məsələ Əfqanıstanın NATO qoşunlarının çıxmasından sonrakı taleyi, İraqdakı vəziyyət, NATO-nun Şərqi Avropada güclənməsi, Ukrayna böhranının həlli və Rusiya aqressiyasının qarşısının alınması olub.

Ötən gün Əfqanıstana dair qətnamə qəbul olunub və NATO-Ukrayna komissiyasının birgə bəyanatı açıqlanıb. Əfqanıstana dair qətnamədə NATO qoşunlarının bu ilin sonuna kimi ölkədən çıxması, Əfqanıstan təhlükəsizlik qüvvələrinə 2017-ci ilədək maliyyə yardım edilməsi ilə bağlı büdcənin yenilənməsi nəzərdə tutulub. Əfqanıstan hökumətindən tələb olunub ki, 2024-cü ilə kimi öz silahlı qüvvələrinin maliyyə təminatını müstəqil həyata keçirsin.

Bu gün ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeronun 28 üzv ölkənin liderləri ilə görüşündə onları müdafiəyə ÜDM-in az 2 faizi həcmində maliyyə ayırmağa çağıracaqları gözlənilir. Bundan əvvəl baş katib Anders Foq Rasmussen də NATO üzvlərinə müraciətində müdafiə xərclərini artırmağın vacibliyini qeyd etmişdi.

İraq və Suriyadakı amerikalı və avropalı girovların taleyi, terrorçuların fəaliyyəti ilə bağlı da müzakirə gözlənilir.

Liderlərin Uelsdəki səfər proqramına Kardiff qəsrində gəzinti və Uels Musiqi və Dram Kolleci ilə tanışlıq da daxildir.

Yekun qətnamənin qəbulundan sonra liderlərin mətbuat konfransı keçiriləcək və NATO-nun sammiti başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR