Şahin Mustafayev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb

Şahin Mustafayev Avropa İnvestisiya Bankının vitse-prezidenti ilə görüşüb
# 07 noyabr 2014 15:37 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Moltereri qəbul edib.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev Azərbaycanın beynəlxalq mailiyyə və iqtisadi qurumlarla uğurla əməkdaşlıq etdiyini, Avropa İnvestisiya Bankı ilə əməkdaşlığın da səmərəli olacağına ümidvar olduğunu qeyd edib, 2013-cü ildə Brüsseldə Azərbaycanla Avropa İnvestisiya Bankı arasında Çərçivə Sazişinin imzalandığını bildirib.

Ş. Mustafayev Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet olduğunu, hazırda bir sıra infrastruktur layihələrinin həyata keçirildiyini və sənaye parklarının yaradıldığını, bu istiqamətlər, eləcə də digər sahələr üzrə bankla əməkdaşlıq edilə biləcəyini diqqətə çatdırıb.

Avropa İnvestisiya Bankının vitse-prezidenti V. Molterer bankla Azərbaycan arasında əməkdaşlığın qurulması baxımından Çərçivə Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edib, bankın kiçik və orta sahibkarlığın inkişafı məqsədilə Azərbaycanın özəl banklarına kredit ayrılmasının davam etdiriləcəyini bildirib.

V. Molterer Avropa İnvestisiya Bankının Azərbaycanla əməkdaşlıqda, müxtəlif layihələrin maliyyələşdirilməsində maraqlı olduğunu və bank tərəfindən müvafiq təkliflərin təqdim ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR