Azərbaycanda ahıl əmək pensiyaçıların sayı açıqlanıb

Azərbaycanda ahıl əmək pensiyaçıların sayı açıqlanıb
# 01 oktyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu (DSMF) qeydiyyatda olan əmək pensiyaçılarının sayını açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sentyabrın 30-na olan statistikaya əsasən, qurumda qeydiyyatda olan əmək pensiyaçılarının 343 245 nəfəri ahıl vətəndaşlardır. Onlardan 207 740 nəfəri qadın, 135 505 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 265 529 nəfəri 70-80 yaş arası, 71 398 nəfəri 80-90 yaş arası, 6 318 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Qeyd edək ki, hazırda ölkədə pensiya ödənişlərinin 99,9%-nin plastik kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın bankomat fəaliyyət göstərir.

Xatırladaq ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 8 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb. Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,2 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR