Azərbaycan Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub

Azərbaycan Hesablama Palatası EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub
# 24 iyul 2014 14:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Hesablama Palatası Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub.

Palatadan “APA –Economics”ə verilən məlumata görə, EUROSAI Katibliyinin və yeni yaradılmış İşçi Qrupunun əlaqələndiricisi olan Ukrayna Hesablama Palatasının təklifinə cavab olaraq Hesablama Palatası tərəfindən 2014-cü ilin iyul ayından sözügedən İşçi Qrupuna qoşulmaqla bağlı qərar qəbul olunub və bu barədə EUROSAI Katibliyinə bildirilib.

Təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi Ali Audit Qurumlarının (AAQ) bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri edib. Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun yaradılmasında məqsəd bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.

Xatırladaq ki, bu ilin 16-19 iyun tarixlərində Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Niderland Krallığının Haaqa şəhərində keçirilmiş IX Konqresi zamanı EUROSAI-ın Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış Xüsusi Qrupunun əsasında eyniadlı yeni İşçi Qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Ukrayna, Belarus, Macarıstan, Qazaxıstan, Moldova, Polşa və Rusiya AAQ-ları ilə birlikdə Hesablama Palatasının da daxil olduğu bu Xüsusi Qrup ötən dövr ərzində fəlakət və qəzaların nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin beynəlxalq paralel auditi üzrə Birgə Hesabat hazırlayıb və Konqres zamanı Qrupa üzv ölkələrin AAQ rəhbərləri tərəfindən imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR