Rusiyanın “Taymır” aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

Rusiyanın “Taymır” aviaşirkəti Azərbaycana uçuşları dayandırıb
# 30 oktyabr 2014 09:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Noyabrın 1-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bütün beynəlxalq müntəzəm uçuşlar Heydər Əliyev Beynəlxalq hava limanının yeni 1 saylı terminalından həyata keçiriləcək. Belə olduqda isə təyyarələrin qəbulunda vaxt sıxlığı yaranacaq. Bununla əlaqədar olaraq, Bakı-Krasnoyarks-Bakı istiqamətində uçuşları həyata keçirən Rusiyanın “Taymır” (“NordStar Airlines”) aviaşirkəti AZAL-ın təqdim etdiyi yeni vaxtla razılaşmır”.

Bunu “APA-Economics”ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib.

M. Səfərlinin sözlərinə görə, “Taymır” aviaşirkətinə təklif olunub ki, şirkətə məxsus təyyarələr həftənin çərşənbə günləri saat 14:20-də Bakıya eniş etsin, 15:50-də isə uçuşu yerinə yetirsin. Lakin qarşı tərəf AZAL-ın təklifini qəbul etməyib.

Xidmət rəisi əlavə edib ki, "Taymır" AZAL-ın təklifini qəbul etdiyi təqdirdə yenidən uçuşları bərpa edə biləcək.

Qeyd edək ki, Rusiyanın “Taymır” aviaşirkəti 2012-ci ilin martından Bakı-Krasnoyarks-Bakı istiqamətində uçuşlar yerinə yetirir. Lakin oktyabrın 29-da şirkət aviareysini yerinə yetirə bilməyib. Sərnişinlərə isə biletin qaytarılması və ya uçuş vaxtının başqa tarixə keçirilməsi təklif edilib.

“Taymır”ın rəsmi məlumatına görə, 2014-2015-ci illər payız-qış dövrünün uçuş cədvəlinin razılaşdırılması zamanı Azərbaycan tərəfi son anda birtərəfli qaydada Rusiya şirkətinin uçuşuna icazə verilməsini rəsmiləşdirməkdən imtina edib.

Onu da əlavə edək ki, Bakı-Krasnoyarks-Bakı marşrutu üzrə uçuşlar həftənin I günü saat 06:30-da və III günü 16:20-də yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR