Almaniyada Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab çap olunacaq

Almaniyada Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab çap olunacaq
# 18 avqust 2014 16:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Almaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, komitənin Avropa Azərbaycanlıları Konqresinin əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini və mətbəxini avropalılara tanıtmaqdır.

Komitədən bildiriblər ki, bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından olan Barbara Lutterbek 10 gündən çoxdur Azərbaycanda fotoçəkilişlər edir, lazımi materialları toplayır.

İlk dəfə Azərbaycanda olan Barbara Lutterbek Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzerin müşayiəti ilə Bakı, Quba, Lahıc, Xınalıq, Qəbələ, Şəki, Şamaxı və digər bölgələrin mədəniyyəti, ənənələri, mətbəxi ilə yaxından tanış olub və bütün bunları fotokameranın yaddaşına köçürüb.

Qeyd edək ki, Barbara Lutterbekin Azərbaycana həsr etdiyi kitabında Azərbaycan tarixini, mədəniyyətini, adətlərini, mətbəxini əks etdirən fotolar və qısa məlumatlar, həmçinin Azərbaycan mətbəxinin bəzi nümunələrinin hazırlanma qaydası da yer alacaq. Kitabın bu ilin sonunadək Almaniyada çap olunması, hər iki ölkədə isə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR