Bank Of Baku

Gürcüstanla Azərbaycanla arasında kommunikasiya əlaqələrində problem yaranmayıb

Gürcüstanla Azərbaycanla arasında kommunikasiya əlaqələrində problem yaranmayıb
# 10 avqust 2008 10:20 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Gürcüstan ərazisinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən bombalanmasına baxmayaraq, Azərbaycanla bu ölkə arasında mövcud kommunikasiya əlaqələri əvvəlki qaydada davam edir. APA-nın Azərbaycanın hökumət strukturları ilə apardığı dəqiqləşdirmələr zamanı məlum olub ki, son 2 gün ərzində ölkələr arasında nəqliyyat, energetika və digər sahələrdə hansısa problem yaşanmayıb.
Nəqliyyat Nazirliyindən APA-ya bildirilib ki, Gürcüstana yük və sərnişin daşıması adi qaydada davam edir. Azərbaycandan Tiflisə və Gürcüstanın digər ərazilərinə hərəkət edən avtobuslarda sərnişinlərin sayında azalma müşahidə olunmayıb. Lakin əks istiqamətdə hərəkət edən marşrutlarda sərnişin sıxlığı müşahidə olunur.

Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) də Gürcüstana hərəkət qrafikinə dəyişiklik etməyib. ADDY-nin baş mühəndisi Qurban Nəzirovun APA-ya verdiyi məlumata görə, Tilisə sərnişin daşınması əvvəlki qaydada həyata keçirilir. Yük daşımada da problem yaşanmayıb. Hazırda dəmir yolu vasitəsi ilə Azərbaycandan Poti və Batumi limanlarına neft və neft məhsullarının, eləcə də digər yüklərin daşınması həyata keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən APA-ya Gürcüstana neft və qaz nəqlinin dayandırılmadığı deyilib. Şirkətdən bildirilib ki, yalnız Kulevi terminalının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və orada çalışan azərbaycanlı işçilər evakuasiya olunub.

«Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov isə APA-ya açıqlamasında ölkələr arasında elektrik enerjisi mübadiləsinin davam etdirildiyini vurğulayıb. M. Əsgərov bombardman zamanı elektrik verilişi xətlərinin sıradan çıxması nəticəsində enerjinin verilməsində problemlərin yarana biləcəyini də istisna etməyib. «Azərenerji» rəsmisinin sözlərinə görə, belə olan halda tərəflər hansısa məsuliyyət daşımır: “Belə hal baş verərsə, tərəflər mümkün qədər tez bir zamanda problemi aradan qaldırmaq üçün səylərini səfərbər edəcək”.

Qeyd edək ki, Gürcüstanda baş verənlərlə əlaqədar Azərbaycanın qonşu ölkə ilə sərhəd keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Artıq Şəmkir və Zaqatala sərhəd dəstələrinin nəzarət ərazisindəki bütün zastavaların şəxsi heyətinin sayı artırılıb, növbələr gücləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR