Bank Of Baku

Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdədir

Azərbaycan parlamentinin nümayəndə heyəti ABŞ-da səfərdədir
# 14 avqust 2008 09:11 (UTC +04:00)
Kaliforniya. Hüsniyyə Həsənova-APA. Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə, Qənirə Paşayeva, Gülər Əhmədova və Fuad Muradovdan ibarət nümayəndə heyəti ABŞ-ın Kaliforniya ştatı Senatının dəvəti ilə bu ştatda səfərdədir. APA-nın ABŞ bürosunun məlumatına görə, nümayəndə heyəti səfər çərçivəsində San-Fransisko Şəhər Şurasının Prezidenti Aaron Peskin və şuranın üzvləri ilə görüş keçirib. San-Fransisko Şəhər Şurasının xüsusi iclasında qurumun prezidenti Aaron Peskin nümayəndə heyətinin üzvlərinə xüsusi sertifikat təqdim edib. Azərbaycan nümayəndə heyətinin adından çıxış edən millət vəkili Asim Mollazadə Azərbaycanla Kaliforniya arasındakı ikitərəfli münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb və San-Fransiskonun inkişaf etmiş şəhər kimi bu əməkdaşlıq çərçivəsində özünəməxsus yerə malik olduğunu vurğulayıb. Asim Mollazadə çıxışında ABŞ-la Azərbaycan arasındakı strateji əməkdaşlıq haqqında geniş məlumat verib.

Azərbaycan parlamentinin üzvləri həmçinin Northern California World Affairs Council (Beynəlxalq Münasibətlər üzrə Mərkəz) tərəfindən təşkil olunmuş “Postsovet Azərbaycanı və müstəqillikdən sonrakı inkişaf” adlı konfransda da iştirak ediblər. Tədbirdə çıxış edən Asim Mollazadə müasir müsəlman ölkəsi olan Azərbaycanda tolerantlıq, gender bərabərliyi və dünyəvi dövlətçilik ənənəsindən bəhs edib, Azərbaycanın bu sahədə son illər əldə etdiyi nailiyyətlər haqqında məlumat verib. Son zamanlar dünya ictimaiyyətinin diqqət mərkəzində olan Gürcüstan ilə Rusiya arasındakı hərbi qarşıdurma məsələsinə fikir bildirən millət vəkili qeyd edib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. O, konfrans iştirakçılarının nəzərinə Gürcüstanın Azərbaycan üçün dost ölkə və strateji müttəfiq olduğunu çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR