Bank Of Baku

Lourens Hits: “Düşünmürəm ki, Gürcüstandakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinə hansısa formada təsir göstərə bilər”

Lourens Hits: “Düşünmürəm ki, Gürcüstandakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinə hansısa formada təsir göstərə bilər”
# 02 sentyabr 2008 08:01 (UTC +04:00)
- Yeni vəzifədə özünüzü necə hiss edirsiniz?

- Vəzifəmin icrasına avqustun 7-də başlamışam və dərhal Gürcüstandakı vəziyyətlə məşğul olmuşam. Orada vəziyyət gərgin olaraq qalır. Buna görə də yeni vəzifəm haqqında düşünməyə faktiki olaraq vaxtım olmayıb. İstənilən halda Qafqaz regionu mənim üçün yeni yer deyil - bu regionda uzun müddətdir jurnalist kimi çalışıram, indi isə Beynəlxalq Böhran Qrupunda işləməyə başlamışam.

- Sizcə Gürcüstanda hadisələr bundan sonra necə inkişaf edəcək?

- Bu, proqnozlaşdırılması çətin olan situasiyadır, çətin dövrdür. Bu prosesin hamı üçün ən müxtəlif təsirləri olacaq. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdığını elan edib. Lakin məsələ budur ki, bu müstəqillik nə dərəcədə realdır. Yəni bu regionların Rusiyadan asılılığı məlumdur, buna görə də indi bu bölgələr Rusiyanın təsir dairəsinə keçəcəklər. Hələlik bu addımın siyasi nəticələrinin necə olacağı bəlli deyil. Məni regionda insan hüquqlarının vəziyyəti çox narahat edir. Osetinlərin Cənubi Osetiya ərazisində gürcü kəndlərini yandırması və gürcüləri öz torpaqlarından qovması məni narahat edir. Nəticələrin necə olacağı və proseslərin necə inkişaf edəcəyini söyləmək çətindir. Situasiya impulsiv xarakter daşıyır.

- Türkiyə Qafqaz Sabitlik Paktının yaradılması təklifi ilə çıxış edib. Bu təşəbbüsün həyata keçirilməsi nə dərəcədə realdır?

- Türkiyə Qərb ölkələri ilə çox yaxındır. Bu platformanın reallaşması barədə danışmaq hələ tezdir, çünki təklifin mahiyyətini bilmirəm. Bununla belə düşünmürəm ki, bu təklif Cənubi Osetiya və ya Abxaziyada situasiyanın normallaşmasına kömək edəcək. Hesab edirəm ki, Türkiyənin bu hərəkətləri Rusiyanın xoşuna gəlməyəcək. Türkiyə daha çox loyal olmağa çalışır. Biz hamımız Türkiyənin hazırda Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdlərinin şahidi oluruq. Digər tərəfdən bu platformanın reallaşması qüvvələr balansının necə paylanmasından asılı olacaq.

- Son zamanlar Türkiyə ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin normallaşması barədə söz-söhbətlər gedir. Bu amil Türkiyə ilə Azərbaycanın münasibətlərinə hansısa formada təsir göstərə bilər?

- Türkiyə hazırda Ermənistanla münasibətləri normallaşdırmağa çalışır. Dövlət diplomatik addımlar atır. Hər iki ölkə sərhədləri açmalı, dondurulmuş münasibətləri qurmağa çalışmalıdır. Bu iqtisadi planda, həmçinin regionun ümumi inkişafı baxımından mühüm məsələdir. Düşünmürəm ki, bu addım Azərbaycan-Türkiyə münasibətlərinə hansısa formada təsir göstərə bilər. Mən Azərbaycanda bu məsələ ilə bağlı neqativ bəyanatlarla tanışam. Amma bu bəyanatların hamısı qeyri-rəsmi səviyyədədir. Düşünmürəm ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin inkişafına xüsusi etiraz edəcək, çünki bu gün Azərbaycan üçün bir nömrəli məsələ bu deyil. Ölkənin digər mühüm məsələləri, o cümlədən energetika problemi var. Eyni zamanda Azərbaycana Rusiyanın da təsiri var, bu özü də bir faktordur.

- Azərbaycanın Gürcüstandakı vəziyyətlə bağlı balanslaşdırılmış siyasət yürütməsi nə ilə əlaqədardır?

- Azərbaycan və Gürcüstan sıx əməkdaşlıq edir və bu ölkələr GUAM-da təmsil olunurlar. Amma bu amil Azərbaycanın xarici siyasətində öz əksini tapmır – ölkənin özünün müstəqil, praqmatik xarici siyasət kursu var. Düzünü desək, mən Azərbaycanın bu reaksiyasından təəccüblənmədim. Digər tərəfdən Azərbaycan kifayət qədər çətin situasiyadadır və Rusiya ilə münasibətləri korlamaq istəmir.

- Dağlıq Qarabağ münaqişəsini də Osetiya və Abxaziyanın taleyi gözləyə bilərmi?

- Mən belə düşünmürəm. Bunlar fərqli situasiyalardır. Ümumiyyətlə hesab etmirəm ki, Gürcüstanda yaranmış vəziyyət hansısa formada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsir göstərə bilər. Bu baş verərsə, çox təəccüblənərəm.

- Gürcüstanda vəziyyətlə bağlı Rusiyanın ABŞ və Fransa ilə qarşıdurması nəzərə çarpır. Bu ölkələrin ATƏT-in Minsk Qrupu formatında birgə fəaliyyəti necə mümkün olacaq?

- Bu kifayət qədər yaxşı və mürəkkəb sualdır. Doğrudan da indiki situasiya münasibətlərin müsbət istiqamətdə inkişafını şübhə altına salır. Amma istənilən halda inanıram ki, ATƏT-in Minsk Qrupu Rusiya, Fransa və ABŞ-ın əvvəlki tək konstruktiv əməkdaşlıq edəcəyi azsaylı formatlardan biri olaraq qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR