Bank Of Baku

Özbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb

Özbəkistan prezidentinin Azərbaycan rəsmi səfəri başa çatıb
# 13 sentyabr 2008 08:16 (UTC +04:00)
Bakı - APA. Sentyabrın 12-də Bakının Nərimanov rayonunda, Azadlıq prospekti ilə Nəcəf Nərimanov küçəsinin kəsişdiyi yerdəki parkda böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin heykəlinin açılışı olub. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, açılış mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Özbəkistan prezidenti İslam Kərimov da iştirak ediblər. Prezidentlər yeni parkda görülmüş abadlıq işləri ilə tanış olublar.

Mərasimdə çıxış edən prezident İ. Əliyev bunun Özbəkistan və Azərbaycan xalqları arasında münasibətlərin tarixində çox əlamətdar hadisə olduğunu bildirib. Ə. Nəvainin, demək olar ki, bütün əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini deyən dövlət başçısı onun Özbəkistan və bütövlükdə Şərq xalqları ədəbiyyatının inkişafına çox böyük təsir göstərdiyini qeyd edib. Azərbaycan və Özbəkistan arasında hər zaman dostluq münasibətlərinin olduğunu vurğulayan prezident Ə. Nəvainin Bakıda heykəlinin qoyulmasını bu dostluğun daha bir sübutu adlandırıb: “Bakıda Əlişir Nəvainin heykəlinin açılması, şəhərin mərkəzi küçələrindən özbək xalqının böyük nümayəndəsi Mirzə Uluqbəyin adının verilməsi kimi xalqlarımızın həyatındakı mühüm hadisələr münasibətlərimizi səciyyələndirən, qarşılıqlı rəğbət hisslərimizin dərinliyini, qarşılıqlı sevgi və qardaşlıq münasibətlərini əks etdirən səciyyəvi cəhətlərdir. Əminəm ki, bu hadisə gələcəkdə ölkələrimiz arasında daha sıx münasibətlər yaranmasına kömək edəcək”.

Özbəkistan prezidenti İ. Kərimov dörd il əvvəl İ. Əliyevlə birlikdə Daşkəndin ən mənzərəli, ən gözəl meydanlarından birində, Nizaminin adını daşıyan meydanda - Daşkənd Dövlət Pedaqoji Universitetinin binası qarşısında Nizaminin abidəsini açdıqlarını xatırladıb. Azərbaycanla münasibətlərin başqa dövlətlərlə münasibətlərdən keyfiyyətcə əsaslı şəkildə fərqləndiyini qeyd edən İ. Kərimov bunu mənəvi birliklə əsaslandırıb. Bakıda Ə. Nəvaiyə heykəl ucaldıldığı üçün o, Azərbaycan prezidentinə və xalqına təşəkkür edib.
Sonra prezidentlər heykəlin önünə əklil qoyublar.

Özbəkistan prezidentinin sentyabrın 12-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə də görüşü olub. Bununla da, İ. Kərimovun Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR