Bank Of Baku

“Amnesty İnternational” Tehranda həbs olunan azərbaycanlıları “vicdan məhbusu” adlandırıb

“Amnesty İnternational” Tehranda həbs olunan azərbaycanlıları “vicdan məhbusu” adlandırıb
# 27 oktyabr 2008 07:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Amnesty İnternational” təşkilatı sentyabrın 10-da İranın paytaxtı Tehranda həbs olunan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəalları ilə bağlı bəyanat verib. APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, sentyabrın 10-da tutulan Əkbər Azad, Həsən Rəhimi Bayat, Hüseyn Heydəri, Abbas Nəimi və Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) 500 milyon İran rialı (51.000 ABŞ dolları) girov müqabilində zaminə buraxılıblar. Ancaq milli fəallar həmin məbləği nağd pulla ödəyə bilməyiblər və bu səbəbdən yenidən həbsxanaya qaytarılmaq təhlükəsi ilə qarşılaşıblar.

Bəyanatda həmin gün tutulan və hələ də həbsdə olan azərbaycanlıların saxlanma şəraitinə də münasibət bildirilib: “Əlirza Sərrafi, Həsən Rəşidi, Səid Muğanlı (Məhəmmədi) və Mehdi Nəimi Tehran şəhərindəki “Evin” həbsxanasının 209-u korpusunda təkadamlıq kameralarda saxlanılırlar. Səhhətlərində ciddi problemlər yaransa da, tibb məntəqəsinə köçürülmürlər. Məhkumlara hər gün yalnız 30-40 dəqiqə ərzində bayıra çıxmağa imkan verilir”.

Bəyanatda həbs olunan azərbaycanlılar “vicdan məhbusu” adlandırılıb və İrandan həmin şəxslərin sərbəst buraxılması tələb edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR