Bank Of Baku

MN: Azərbaycan sülhməramlılarının İraqdan çıxarılmasına hazırlıq gedir

MN: Azərbaycan sülhməramlılarının İraqdan çıxarılmasına hazırlıq gedir
# 27 noyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İraqda Çoxmillətli Qüvvələr Koalisiyasının tərkibində xidmət edən Azərbaycan hərbi kontingentinin vətənə qayıtmasına hazırlıq gedir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov məlumat verib. E. Səfərov bildirib ki, hərbi kontingentin Azərbaycana dönməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb və yaxın vaxtlarda bu proses yekunlaşacaq: “Hazırlıq başa çatdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, noyabrın 7-də Azərbaycan prezidenti tərəfindən Milli Məclisə (MM) İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində xidmət edən hərbi kontingentin geri çağırılmasına dair qanun layihəsinə baxılması barədə müraciət daxil olub. MM isə noyabrın 14-də hərbi kontingentin geri çağırılması barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin kontingenti 15 avqust 2003-cü il tarixdən MM qərarı əsasında İraqda beynəlxalq koalisiya qüvvələri tərkibində fəaliyyət göstərir. Azərbaycan sülhməramlıları ABŞ komandanlığı altında Əl-Haditə şəhəri yaxınlığındakı su anbarını və İraqın 30 faizini elektrik enerjisi ilə təmin edən su elektrik stansiyasını qoruyur. Əl-Haditədə Azərbaycan sülhməramlıları 15 kvadrat kilometr ərazini mühafizə edir. İraqda xidmət etdiyi 5 il ərzində Azərbaycan 1 hərbçi itirib. İraqdakı Azərbaycan kontingentində 14 zabit, 16 gizir və 120 əsgər olmaqla 150 hərbçi xidmət edir. Onlar hər 6 aydan bir rotasiya əsasında dəyişdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR