Bank Of Baku

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların üç yeni elementini açıqlayıb

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların üç yeni elementini açıqlayıb
# 27 noyabr 2008 09:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın “Rai İnternational” telekanalına müsahibəsində deyib. Dövlət başçısı həmin Bəyannamənin üç vacib elementini xüsusi vurğulayıb: “İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Əvvəllər bu, belə deyildi. Əvvəllər onlar hamını inandırmağa çalışırdılar ki, müharibə Dağlıq Qarabağ və Azərbaycan arasındadır. Məsələ budur. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıb. İkincisi, Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdır. Bu o deməkdir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır. Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həll edilməsidir”.

Bu üç elementin danışıqlar prosesində yeni olduğunu qeyd edən prezident İ. Əliyev “Mən şadam ki, Ermənistan rəhbəri bu prinsipləri, bu Bəyannaməni imzalamağa özündə cəsarət tapdı. Əgər Ermənistan bu prinsiplərə riayət etsə, münaqişə asanlıqla həll oluna bilər”, - söyləyib.

Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktının beynəlxalq birlik tərəfindən tanındığını deyən dövlət başçısı Moskva Bəyannaməsi ilə bağlı digər məqamlara da aydınlıq gətirib: “Bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə “hesab edirik ki, siyasi həll yolu olmalıdır” deyilməsi fundamental hüquqlarımızdan imtina etməyimiz demək deyil. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var. Azərbaycan Ermənistanın təcavüzünün qurbanıdır. Bu təcavüz nəticəsində nəinki Dağlıq Qarabağ, hətta onun ərazisindən kənar və ermənilərin heç vaxt yaşamadıqları daha 7 rayon Ermənistan tərəfindən işğal olunub. Bundan da bizim insanlar əziyyət çəkirlər. Ona görə də siyasi həll ümidi ilə biz, eyni zamanda, istənilən tədbiri görməyə daim hazır olmalıyıq. Burada hərbi yol istisna deyil, heç vaxt olmayıb və ərazi bütövlüyümüzü bərpa etmək üçün heç vaxt istisna olmayacaq. Biz özümüzü əhəmiyyətli dərəcədə gücləndirmişik. Son beş il ərzində Azərbaycanın hərbi potensialı, iqtisadi inkişafı və siyasi gücü bir neçə dəfə artıb. Lakin təxminən iki onillik ərzində danışıqlar aparmağımız onu göstərir ki, bizim məqsədimiz sülh yolunu tapmaqdır”.

Prezident Qafqazda heç kim müharibə istəmədiyini, lakin, eyni zamanda, Azərbaycanın bu vəziyyətlə barışmasının mümkün olmadığını qeyd edib: “Ermənistanın iki onillikdən çox xalqımızın fundamental hüquqlarını pozması faktı ilə və heç nə baş verməməsi ilə razılaşa bilmərik. Beynəlxalq birlik məsələnin həllində lazımi rolu oynamır. Biz ümid edirik ki, xüsusilə sülhün nə qədər həssas olduğunu göstərən Qafqazdakı son hadisələrdən sonra məsələyə diqqət artacaq. Bizə gəldikdə, bizim təmas xəttində sülhməramlılar yoxdur. Burada Ermənistan və Azərbaycan ordusu var. Bu səbəbdən də sülh çox həssasdır. Qafqazda sülhün bərqərar olunması üçün biz tezliklə məsələnin həlli yolunu tapmalıyıq”.

Azərbaycanın neft və qaz gəlirlərini Silahlı Qüvvələrin gücləndirilməsinə yönəltməsi ilə bağlı sualın cavabında dövlət başçısı gəlirlərin böyük hissəsinin bu məqsədlə sərf olunması barədə deyilənlərlə razılaşmadığını qeyd edib: “Biz neftdən gələn gəlirləri yalnız silah alınmasına sərf etmirik. Biz silah alırıq, ancaq eyni zamanda məktəb, xəstəxana, yollar, elektrik stansiyaları tikir, ölkəmizi inkişaf etdiririk. Əgər ÜDM daxilində Azərbaycan və Ermənistanın hərbi xərclərinin faiz dərəcələrinə baxsanız, Ermənistanın bu sahəyə daha çox vəsait xərclədiyini görərsiniz. Məsələ ondadır ki, bizim ÜDM Ermənistanın eyni göstəricisindən təxminən 6-7 dəfə çoxdur. Bu səbəbdən hərbi sahəyə biz Ermənistanın bütün ölkə üçün xərcləyə biləcəyi qədər vəsait xərcləyə bilirik. Onlar dərk etməlidirlər ki, aramızda olan tarazlıq artıq yoxdur və bundan sonra da olmayacaq. Onlar bu reallığı anlamalıdırlar ki, Azərbaycan daha da inkişaf edəcək güclü ölkədir. Onlar öz xalqına firavan həyat təmin etmək üçün bunu nəzərə almalıdırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR