Bank Of Baku

Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib - RƏY

Azərbaycan-Almaniya tərəfdşlıq münasibətləri strateji mərhələyə yüksəlib -  RƏY
# 21 iyul 2026 18:16 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Fedeativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə, strateji tərəfdaşlıq səviyyəsində yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. 2004-cü ildə Prezidentin Almaniyaya ilk rəsmi ilə başlanan ali səviyyədə siyasi dialoq bütün federal kanslerlərlə davam etdirilib. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, ölkəmizə etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Rəsmi və işgüzar səfələrin sayına görə 18-ci olan bu səfər Bakı və Berlin arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev həm də beynəlxalq Münxen Təhlükəsizlik Konfransında məmnuniyyətlə dəvət ediilən və dinlənilən dövlət başçıları arasında yer alır.

2018-ci ilin avqustunda Federal Kansler Angela Merkel, 2025-ci ili aprelində Federal Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana etdiyi səfərlər də ikitərəfli münasibətlərin inkişafına verilən əhəmiyyətin göstəricisidir. Almaniya Prezidenti Frank-Valter Ştanmayer ilə Prezident İlham Əliyev arasında bu gün Berlində, Villa Borsigdə keçirilən görüşün yüksək səviyyədə və qarşılıqlı etimad və konstruktiv dialoq şəraitində keçməsi də Azərbaycan–Almaniya münasibətlərinin dinamik inkişafını və tərəflərin əməkdaşlığı daha da genişləndirmək niyyətini bir daha nümayiş etdirdi.

Strateji gündəlik münasibətlərə yeni məzmun qazandırır

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Almaniya Kansleri Fridrix Mertslə imzaladığı "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" Azərbaycan–Almaniya münasibətlərinin inkişaf tarixində yeni mərhələnin əsasını qoyur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan–Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Deputat deyib ki, bu sənəd iki ölkə arasında əməkdaşlığın yalnız genişlənməsini deyil, həm də onun strateji əsaslar üzərində institusionallaşdırılmasını təmin edir: “Sənəd mahiyyət etibarilə münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldir və uzunmüddətli əməkdaşlığın siyasi-hüquqi əsaslarını formalaşdırır. Almaniya 2020-ci ildə İtaliya ilə yaradılmış sonra çoxölçülü strateji tərəfdaşlıqdan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkə oldu. Bu fakt təsadüfi deyil. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin ardıcıl şəkildə dərinləşdiyini və xarici siyasət kursunun etibarlı tərəfdaşlıq modelinə əsaslandığını göstərir. Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olduğundan Berlinlə strateji gündəliyin formalaşdırılması təkcə ikitərəfli münasibətlər üçün deyil, həm də Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafı baxımından mühüm siyasi mesaj daşıyır".

Əməkdaşlıq ilk dəfə vahid strateji çərçivədə sistemləşdirilir

Rizvan Nəbiyev qeyd edib ki, Birgə Bəyannamənin əsas fərqləndirici xüsusiyyəti ilk dəfə olaraq Azərbaycan–Almaniya əməkdaşlığının vahid strateji gündəlik ətrafında sistemləşdirilməsidir:

"İndiyədək müxtəlif istiqamətlər üzrə inkişaf edən əməkdaşlıq bundan sonra vahid strateji çərçivədə koordinasiya olunacaq. Siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, müdafiə, elm, texnologiya, təhsil və humanitar əməkdaşlıq eyni strateji baxış altında əlaqələndirilir. Bu isə münasibətlərin ayrı-ayrı sahələr üzrə əməkdaşlıq modelindən çıxaraq kompleks strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini göstərir. Sənəd yalnız siyasi niyyətlərin ifadəsi deyil, eyni zamanda konkret institusional mexanizmləri özündə ehtiva edir. Yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, sahəvi qurumlar arasında məsləhətləşmələrin keçirilməsi və Almaniya–Azərbaycan iqtisadiyyat və invesitisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin gücləndirilməsi münasibətlərin davamlı inkişafını təmin edəcək əsas mexanizmlərdən biridir. Bu yanaşma əməkdaşlığın şəxslərdən və dövri siyasi proseslərdən asılılığını minimuma endirməklə institusional xarakterini daha da gücləndirəcək”.

Almaniyanın mövqeyi Azərbaycan–Avropa İttifaqı münasibətləri üçün də mühüm mesajdır

Deputat hesab edir ki, Birgə Bəyannamənin mühüm xüsusiyyətlərindən biri də onun Avropa kontekstində daşıdığı siyasi əhəmiyyətdir: "Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Azərbaycanın Aİ ilə tərəfdaşlığının strateji əhəmiyyətini açıq şəkildə dəstəkləyir. Sənəddə yenilənmiş Azərbaycan–Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə verilən dəstək münasibətlərin yeni mərhələsinə mühüm siyasi töhfədir. Bu, həm də onu göstərir ki, Azərbaycan Avropa institutları ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurmaq xəttini uğurla davam etdirir. Almaniyanın Azərbaycan–Ermənistan normallaşma prosesinə və Vaşinqton Zirvə Görüşünün nəticələrinə açıq dəstək ifadə etməsi Azərbaycanın regional sülh gündəliyinə beynəlxalq etimadın daha da artmasının göstəricisidir. Bu mövqe onu nümayiş etdirir ki, Azərbaycan Cənubi Qafqazda sülhün təşviqində təşəbbüskar dövlət kimi qəbul olunur və regionda davamlı sabitliyin təmin edilməsində oynadığı rol beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Enerji əməkdaşlığı yeni mərhələyə keçir

Azərbaycan Almaniyanın xam neft tədarükü üzrə ilk on tərəfdaşı sırasındadır. Bundan əlavə, 2026-cı ilin əvvəlindən etibarən Almaniya Azərbaycandan təbii qaz da idxal edir. SOCAR ilə Almaniyanın "Uniper" şirkəti arasında 2045-ci ilədək qüvvədə olan uzunmüddətli qaz tədarükü müqaviləsi uğurla icra olunur.

Rizvan Nəbiyev bildirib ki, strateji sənəd enerji sahəsində də keyfiyyətcə yeni əməkdaşlıq modelini müəyyənləşdirir: "Əgər indiyədək əməkdaşlığın əsas istiqamətini neft və qaz təşkil edirdisə, artıq yaşıl enerji, aşağı karbonlu hidrogen, enerji səmərəliliyi və iqlim gündəliyi də strateji əməkdaşlığın ayrılmaz hissəsinə çevrilir. Bu isə Azərbaycanın Almaniyanın enerji keçidi və sənaye transformasiyası siyasətində uzunmüddətli tərəfdaş kimi mövqeyini daha da gücləndirəcək. İqtisadi əməkdaşlıq da yeni məzmun qazanır. Burada söhbət yalnız ticarət dövriyyəsinin artırılmasından getmir. İnvestisiyaların təşviqi, nəqliyyat və logistika bağlantılarının inkişafı, sənaye əməkdaşlığı, innovasiya və davamlı iqtisadi inkişaf istiqamətləri də strateji tərəfdaşlığın əsas sütunları kimi müəyyənləşdirilib. Bu isə Almaniya biznesi üçün Azərbaycanda, Azərbaycan şirkətləri üçün isə Almaniya bazarında yeni imkanlar yaradır".

Almaniyanın regionda yeganə Xarici Ticarət Palatasını (AHK) 2012-ci ildən Bakıda fəaliyyət göstərir. Bu Moskvadan sonra Bakıda açılmış ikinci ticarət palatası idi. Hazırda 196 üzv şirkəti ilə bu qurum Azərbaycanda fəaliyyət göstərən ən böyük Avropa biznes birliyidir. Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır: "2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib. Bunun 1,07 milyard avrosu Almaniyanın Azərbaycandan idxalı, 623 milyon avrosu isə Almaniyanın Azərbaycana ixracının payına düşüb.

Təhlükəsizlik və innovasiya sahəsində yeni əməkdaşlıq platforması

Deputat vurğulayıb ki, Birgə Bəyannamənin mühüm yeniliklərindən biri təhlükəsizlik və müdafiə əməkdaşlığının ayrıca strateji istiqamət kimi təsbit olunmasıdır: "İlk dəfə olaraq müdafiə sənayesi, müdafiə akademiyaları arasında əməkdaşlıq, ekspert və tələbə mübadiləsi, humanitar minatəmizləmə, eləcə də transmilli təhlükələrə qarşı birgə fəaliyyət vahid strateji gündəliyin ayrılmaz hissəsi kimi müəyyən edilir. Bu, münasibətlərin yalnız iqtisadi deyil, təhlükəsizlik aspektindən də yeni mərhələyə yüksəldiyini göstərir. Elm, texnologiya, rəqəmsal transformasiya və innovasiya sahələrinin sənəddə ayrıca istiqamət kimi yer alması münasibətlərin gələcəyə hesablanmış xarakter daşıdığını nümayiş etdirir. Təhsil, akademik mübadilə, peşə hazırlığı və elmi əməkdaşlığın genişləndirilməsi uzunmüddətli insan kapitalı tərəfdaşlığının formalaşmasına xidmət edəcək. Bu isə yalnız bugünkü əməkdaşlıq deyil, gələcək nəsillərin birgə inkişafı üçün də möhkəm zəmin yaradır”.

Azərbaycan Avropanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlıq modelini möhkəmləndirir

Rizvan Nəbiyevin sözlərinə görə, imzalanmış Birgə Bəyannamə Azərbaycan–Almaniya münasibətlərinin strateji institusionallaşdırılmasını təmin edən fundamental siyasi sənəddir:

"İtaliyadan sonra Almaniya ilə də belə bir strateji tərəfdaşlıq sənədinin imzalanması Azərbaycanın Avropanın iki ən böyük sənaye və iqtisadi gücü ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini göstərir. Bu, Prezident İlham Əliyevin milli maraqlara əsas götürməklə həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasətin mühüm nəticələrindən biridir. Sənəd təkcə ikitərəfli münasibətlərin inkişafını deyil, həm də Azərbaycanın Avropa enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və regional sabitlik arxitekturasında etibarlı, proqnozlaşdırıla bilən və uzunmüddətli tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsini təsdiqləyir. Bu strateji gündəlik Azərbaycan–Almaniya münasibətlərini yeni mərhələyə çıxarmaqla yanaşı, Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq siyasətinin ardıcıl və uğurlu şəkildə davam etdiyini nümayiş etdirir. Qarşıdakı dövrdə bu sənədin praktiki icrası ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə, regional sabitliyə və Avropa ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcək".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR