Azərbaycan ATƏT-ə azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlıq təklif edib.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, bu gün azad edilmiş ərazilərdə bərpa quruculuq işləri, hər ay keçmiş məcburi köçkünlərin qayıdışı həyata keçirilir: "Azad edilmiş ərazilərdə yeni yollar çəkilir, hava limanı fəaliyyət göstərir. Bir hava limanı da yaxın zamanda açılacaq. Azad edilmiş ərazilərdə həmçinin universitet fəaliyyət göstərir. Həmin ərazilər artıq tikinti meydançasına deyil, insanların yaşadığı ərazilərə çevrilir. Bu istiqamətdə ən böyük çətinlik mina çirklənməsidir. Ümumilikdə bu ərazilərdə Ermənistan tərəfindən 1 milyondan çox mina basdırılıb. Bu istiqamətdə bizim müvafiq dövlət qurumlarımız xarici təşkilatların cəlb edilməsi ilə xeyli iş həyata keçirib. Amma işin miqyası o qədər böyükdür ki, növbəti illərdə də bu iş davam edəcək. Bu müddət ərzində ümumilikdə 400-ə yaxın insanımız mina qurbanı olub, 70-i həyatını itirib. Bunların böyük əksəriyyəti mülki şəxslərdir. Bu gün azad edilmiş ərazilərdə bərpa quruculuq işləri ilə bağlı ATƏT-lə potensial əməkdaşlıq, o cümlədən mina təmizləmə sahəsində əməkdaşlıq bizim üçün maraqlı ola bilər”.