28 May - Respublika günü münasibəti ilə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi video-konferans formatında tədbir keçirib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, tədbiri giriş nitqi ilə açan səfir Tahir Tağızadə ötən il 44 günlük Vətən müharibəsi və imzalanmış Üçtərəfli Bəyannamənin nəticəsi olaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycanın bu il Respublika gününü tamamilə başqa – bayram əhval-ruhiyyəsində qeyd etdiyini bildirib. Regionda hərbi işğalın sonlanmasının ümumilikdə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsi və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd etdiyini qeyd edən Tahir Tağızadə Vətən müharibəsi zamanı nümayiş etdirdiyi balanslı mövqeyə görə Britaniya hökumətinə təşəkkür edib və ikitərəfli əlaqələrin dinamikasından bəhs edib. Daha sonra protokola uyğun olaraq hər iki ölkənin himni səsləndirilib.
Tədbirdə Britaniya tərəfindən əsas qonaq qismində iştirak edən Britaniya Xarici İşlər və İnkişaf Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi Martin Harris ötən onilliklər ərzində Azərbaycan və Britaniya arasındakı strateji münasibətlərin yalnız yüksələn xəttlə inkişaf etdiyinə diqqət çəkib, Azərbaycan Prezidenti İlham Əliyevin Britaniya tərəfinin dəvəti əsasında 2018-ci ildə Londona baş tutan səfərini yada salıb. O, həmçinin Britaniyanın İxracat naziri Graham Stüartın 20-23 may tarixlərində Birgə İqtisadi Komissiyanın dördüncü görüşündə iştirak etmək məqsədi ilə Bakıya baş tutan uğurlu səfəri zamanı Azərbaycan-Britaniya Ticarət Palatasının əsasının qoyulması, Prezident İlham Əliyevlə keçirilmiş görüş və həmin görüş zamanı ölkələrimizin bundan sonra da, xüsusən bərpa olunan enerji sahəsində əməkdaşlığı davam etdirmək əzmini ifadə etməsindən söhbət açıb.
Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baronessa Emma Nikolson da Azərbaycan xalqına təbriklərini çatdırıb və ötən illər ərzində Azərbaycana baş tutan səfərlərini xatırlayaraq Azərbaycan Prezidenti İlham Əliyevə və xanım Mehriban Əliyevaya salamlarını çatdırıb.
Britaniya Parlamentində Azərbaycan üzrə Qrupun sədri Bob Bləkmən hələ Azərbaycan Demokratik Respublikası dövründə Britaniya ilə diplomatik əlaqələrin qurulmasına, ADR-in Britaniyadan daha öncə qadınlara səsvermə hüququ verməsinə diqqət çəkib. O, Azərbaycanı qələbə münasibəti ilə təbrik edib və regionda davamlı sülhün əldə ediləcəyinə ümid ifadə edib.
Azərbaycan Milli Məclisində Britaniya ilə Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev çıxış edərək ADR-in tarixi və əldə etdiyi uğurlardan söz açıb və müasir Azərbaycanın nailiyyətləri, Britaniya parlamenti ilə uğurlu əməkdaşlıqdan bəhs edib. Deputat Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən hərbçilər və mülki şəxsləri hər zaman dərin ehtiramla anacağımızı qeyd edib. C.Feyziyev, həmçinin azad edilmiş ərazilərimizdəki vəziyyətlə yerində tanış olmaları üçün Britaniyalı həmkarlarını Azərbaycana səfərə dəvət edib.
2012-2017-ci illərdə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional Prezidenti vəzifəsində çalışmış, hazırda isə BP şirkətinin əməliyyatlar və istehsal üzrə vitse-prezidenti olan Qordon Birel də Azərbaycana təbriklərini çatdırıb və BP-nin Azərbaycanla birlikdə həyata keçirdiyi uğurlu enerji layihələrindən danışıb. O, Azərbaycana və ölkə rəhbərliyinə böyük rəğbət bəslədiyini bildirib və Azərbaycanın onun üçünhər zaman xüsusi yerə malik olduğunu söyləyib.
Tədbirdə Britaniyada yaşayan Azərbaycan diasporasının üzvləri adından Londonda fəaliyyət göstərən “Azərbaycan Evi”nin sədri Ali Tekin Atalar çıxış edib.
Təxminən bir saatdan uzun davam edən tədbirdə 50 nəfərədək qonaq iştirak edib. Tədbirin bədii hissəsi zamanı Britaniyada yaşayan əməkdar incəsənət xadimi, tarzən Rafiq Hüseynov və Londonda yaşayan həmyerlimiz, skripka ifaçısı Sabina Rakçeyeva milli musiqilərimizdən parçalar ifa ediblər.