Azərbaycanın Tehrandakı səfirliyində Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
APA-nın Tehran bürosunun xəbərinə görə, mərasim “Quran-Kərim”in oxunuşu ilə başlayıb.
Daha sonra mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə mərasimin bəyanatını oxuyub. Bəyanatda bildirilib ki, Xocalı soyqırımı törədilən zaman bu şəhərin 5379 sakini zorla evlərindən qovulub. 1275 nəfər əsir və girov götürülüb, 8 ailə tamamilə məhv edilib, aralarında 106 qadın və 70 qoca olan 613 nəfər vəhşicəsinə işgəncə olunaraq qətlə yetiriliblər.
Bəyanatda həmçinin qeyd olunub ki, hazırda 17 ölkənin parlamenti və eləcə də ABŞ-ın 23 ştatı qətnamə qəbul edərək dinc sakinlərə qarşı törədilmiş bu qətliamı pisləyiblər.
Mərasimin davamında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə jurnalistlərin iştirakı ilə mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, Ermənistan ordusunun Xocalıda törətdiyi cinayətin beynəlxalq müstəvidə tanıdılması istiqamətində Azərbaycan hökuməti tərəfindən lazımi işlər həyata keçirilir. "Xocalı soyqırımı tarix boyu törədilmiş digər soyqırımlara bərabər tutulur. İnanırıq ki, Xocalıdakı soyqırımında rolu olanlar və bir başa məsuliyyət daşıyanlar gec və ya tez ədalət qarşısına çıxarılacaq".
Səfir deyib ki, Ermənistan ordusunun hərbi birləşmələrinin Azərbaycan torpaqlarını qanunsuz işğalı dövrü müddətində İran dövləti həmişə Azərbaycana dəstəyini göstərərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "Həmçinin 44 günlük Vətən müharibəsi dövründə də İranın Ali Rəhbəri və hökuməti də açıqlamalar verərək Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini bildiriblər. Xocalı soyqırımını müxtəlif vaxtlarda müxtəlif millət vəkilləri eyni zamanda İran-Azərbaycan dostluq qrupu da qınayıb və pisləyib. Xocalı soyqırımı bəşəriyyət əleyhinə olan bir cinayətdir. Biz inanırıq və gözləyirik ki, İslam Şurası Məclisi də tezliklə qətnamə qəbul edərək Xocalı soyqırımını rəsmi surətdə də soyqırımı kimi tanıyacaq".
O, Xocalı qətliamını pisləyərək bu cinayəti bəşəriyyət əleyhinə törədilmiş ən böyük cinayət adlandırıb.