Oktyabr 28-də Bakı şəhərində ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində Enerji Təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO Dəyirmi Masa tədbiri keçirilib.
APA xəbər verir ki, tədbirdə NATO-nun İnnovasiya, hibrid və kiber məsələlər bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, həmçinin iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən COP-29 tədbirinə ev sahibliyi xüsusi vurğulanıb.
Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi Məsələlər İdarəsinin rəis müavini - şöbə müdiri Anar Mütəllimov qeyd edib ki, 2024-cü ildə Azərbaycanın qaz hasilatı ümumilikdə 23 milyard kubmetr təşkil edib ki, onun da 9 milyard kubmetri Avropaya ixrac olunub.
O qeyd edib ki, Azərbaycan Avropada təhlükəsizliyə önəm verilməsi istiqamətində götürdüyü öhdəliklərə sadiqdir:
"30 illik müddətə baxdıqda Azərbaycan ciddi irəliləyişlərə nail olub. Azərbaycan NATO ilə müxtəlif məsələlər ətrafında siyasi cəhətdən fəal əməkdaşlığa üstünlük verir. Azərbaycan Avro-Atlantik bölgəsində təhlükəsizliyə önəm verilməsi istiqamətində öhdəliklər götürüb. Bura həm təhlükəsizlik sektorunda islahat, həm ətraf mühit, həm sülh və təhlükəsizlik, həm də enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Azərbaycan uzun illər ərzində Şərq və Qərb arasında körpü rolunu oynayıb. Artan tələbatları da nəzərə alaraq Azərbaycan Avro-Atlantik bölgənin enerji təhlükəsizliyinə töhfəsini davam etdirəcək. Ötən il Azərbaycanın qaz hasilatı 23 milyard kubmetr idi və onun 9 milyard kubmetri Avropaya ixrac edilib. COP29-a Prezidentliyi çərçivəsində Azərbaycan iki mühüm istiqamətdə fəaliyyət göstərəcək. Onlardan biri öhdəliklərin genişləndirilməsi, digəri isə məqsədlərin artırılmasıdır. Bir enerji təminatçısı kimi həm də ekoloji təhlükəsizliyə töhfə vermək mümkündür. Hesab edirik ki, bu müzakirələr məhsuldar olacaq".