Azərbaycan Respublikasının UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
Bu barədə APA-ya XİN-dən xəbər verilib.
UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsinin qarşısını almağa çalışsa da, layihəyə dəstək məqsədilə 41 ölkə həmmüəllif qismində qoşulub.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə 2008-ci ildən başlanılmış sözügedən proses dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olmaqla yanaşı, BMT tərəfindən dəstəklənib.
UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların tərəfdaşı olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçı qatılıb. Dünya Forumu bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas platformalardan biri hesab edilir.
***
15:23
Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
Bu barədə APA-ya Azərbaycanın UNESCO-dakı nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, qərar layihəsinə 41 ölkə ko-sponsor kimi qoşulub.
Qərar layihəsinin təqdimatı zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev 2008-ci ildən başlanılmış təşəbbüsün dünyada mədəniyyətlərarası dialoqun təşviqində ən mühüm platformalardan biri olduğunu qeyd edib, bununla bağlı BMT BA-nın qətnaməsi və BMT Baş katibinin hesabatına istinad edib.
UNESCO, ISESCO kimi beynəlxalq təşkilatların tərəfdaş olduğu Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna indiyə kimi 135 ölkədən 1500 yaxın iştirakçının cəlb olunduğu nəzərə çatdırılıb.
UNESCO İcraiyyə Şurasının üzvü olan Ermənistan qərar layihəsini hərtərəfli bloklamağa çalışsa da, gərgin müzakirələr nəticəsində qərar layihəsi yekdilliklə təsdiq edilib.
"Dünya Forumunun əsas məqsədi bütün dünyada insanlar üçün mədəniyyətlərarası və dinlərarası dialoq haqqında danışmaq, ünsiyyət qurmaq, fikir mübadiləsi aparmaq üçün platforma yaratmaqdır", - məlumatda deyilir.