ADA Universitetində BMT simulyasiya konfransının açılışı olub.
APA xəbər verir ki, konfransın açılışında çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan və BMT arasında qurulan diplomatik münasibətlərin 30 illiyini qeyd etmək üçün silsilə tədbirlər keçirilir.
O deyib ki, 1992-ci ildə Azərbaycan BMT-yə üzv olaraq beynəlxalq cəmiyyətin məsuliyyətli üzvü kimi BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyib, onun işinə töhfə verib: “Azərbaycan BMT platforması çərçivəsində çoxtərəfli və ikitərəfli əlaqələrini inkişaf etdirib, BMT-nin sülh missiyalarında iştirak edib. Ölkə BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyib. Azərbaycan qlobal çoxtərəfliliyi dəstəkləyib. Azərbaycan hazırda Qoşulmama Hərəkatına sədrlik edir, bu çərçivədə bir sıra uğurlu işlər görüb. Azərbaycanın təşkilata sədrliyi çoxtərəfli əməkdaşlığa təkan verib”.
Nazir daha əvvəl Qoşulmama Hərəkatının Bakıda keçirilən simulyasiyasını xatırladıb. Nazir deyib ki, gənclər bu simulyasiyalarda təcrübə qazanır, BMT-nin işləmə metodlarını öyrənir və BMT siyasi dinamikası ilə yaxından tanış olur.
“Diplomat olmaq asan deyil, siz bu simulyasiyada bunun nə dərəcədə çətin olduğunu, ölkələrinizin adından qərarların qəbul edilməsinin nə qədər çətin olduğunu başa düşəcəksiniz”, - XİN başçısı vurğulayıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxışında qlobal problemlərdən danışıb. O deyib ki, iqlim dəyişikliyi, ksenofobiya, dezinformasiya, münaqişələr, aclıq, kibertəhlükələr və s. bu gün bütün dünyanın üzləşdiyi çətinliklərdir və bunlar həm də gənclərə təsir edir.
BMT nümayəndəsi deyib ki, bu gün münaqişə zonalarında yaşayan gənclər həyati risklərlə üzləşir, onların təhsilə əlçatanlığı çox hallarda qeyri-mümkün olur.
Andreeva diqqətə çatdırıb ki, bu simulyasiyada gənclər BMT platformasında qlobal çətinliklərlə mübarizədə alınan qərarların necə verildiyini öyrənəcəklər: “Azərbaycan BMT-nın dəyərli tərəfdaşı və üzvüdür. Biz inanırıq ki, dayanıqlı, güclü dünyanın qurulmasında birlikdə işləyəcəyik”.
Açılış mərasimində BMT Baş katibi Antoniu Quterreşin təbrik videomesajı da təqdim olunub.
Qeyd edək ki, üç gün davam edəcək BMT simulyasiyasında Azərbaycanın müxtəlif universitetlərindən 80-dən çox tələbə iştirak edir.