Bakıda İsveçrənin Milli Gününə həsr olunmuş tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə İsveçrənin Azərbaycandakı səfiri Muriel Peneveyre çıxış edib.
Diplomat bildirib ki, bu il iki ölkə diplomatik münasibətlərinin 30 illiyini qeyd edir.
“Bu illər ərzində iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr davamlı şəkildə inkişaf edib, xalqlararası əlaqələrin də bu inkişafda rolu var”.
Səfir diplomatik münasibətlərin 30-cu ilinə təsadüf edən müsbət məqamları qeyd edib. O xatırladıb ki, may ayında Milli Məclisin sədri İsveçrəyə səfər edib, iyun ayında isə ölkələr arasında siyasi məsləhətləşmələr keçirilib.
Peneveyre deyib ki, bu ilin sonunda ticarət və iqtisadiyyat üzrə Birgə Komissiyasının iclası planlaşdırılır. Diplomat İsveçrənin 2022-2025-ci illər üçün Cənubi Qafqazla bağlı investisiya layihələrini qeyd edib.
Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib.
Nazir deyib ki, son 7 ay ərzində iki ölkə arasında ticarət dövriyyəsində ötən illə müqayisədə iki dəfədən çox artım qeydə alınıb.
O əlavə edib ki, Birgə Komissiya iki ölkə arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirmək üçün əlverişli platformadır.
Nazir deyib ki, 44 günlük müharibənin nəticələri ilə regionda yeni reallıq və imkanlar meydana çıxıb ki bu da regional və beynəlxalq əməkdaşlıq üçün şərait yaradır. "Biz İsveçrə şirkətlərini bu imkanlardan istifadə etməyə çağırırıq", nazir vurğulayıb.
O, iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişaf edən xətlə davam edəcəyinə inandığını qeyd edib.