“İranın molla rejimi müasir dövrdə dünyada təməl insan hüquq və azadlıqlarının realizəsi üçün ən ciddi maneələrdən birinə çevrilməkdədir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Bəhruz Məhərrəmov deyib ki, zor gücünə mövcud rejimin qorunması məqsədi ilə İran faktiki olaraq heç bir hüquq və azadlıqlara, hətta təbii hüquqlara məhəl qoymayaraq 1948-ci il İnsan Hüquqları Bəyannaməsi, 1966-cı il Mülki Siyasi Hüquqlar Haqqında Pakt və BMT Nizamnaməsində qeyd olunan prinsiplər başda olmaqla beynəlxalq hüquq normalarını ayaqlar altına atır: “İnsan hüquqlarının pozuntusu faktiki olaraq bütün sahələri əhatələyib, İranın bütün ərazisində, ələxsus da Cənubi Azərbaycanda geniş vüsət alan insanlıq əleyhinə cinayətlərlə müşahidə olunur. Ən dəhşətlisi də odur ki, bu prosesdə Tehran "bir daşla iki quş vurmaq" taktikası seçərək məqsədli şəkildə azərbaycanlıları xüsusi hədəfə alır. Üstəlik, qeyd edilməli digər məqam ondan ibarətdir ki, əgər əvvəllər teokratiya hansısa maneələr, qadağalar formasında vətəndaşları, xüsusən də soydaşlarımızın təməl hüquqlarına təcavüz edirdisə, artıq İranın aidiyyəti xüsusi xidmət orqanları və hətta ordu hissələri açıq təqibə start verib.
Xüsusən həbsxanalarda vəziyyətin dözülməz həddə çatması barədə çoxsaylı faktlar tirajlanır. Yalnız son günlər ərzində işgəncəyə məruz qalan 40-dan çox günahsız məhbus məqsədli formada öldürülüb. Ona görə də beynəlxalq İnsan hüquqları təsisatları təcili olaraq bu məsələyə diqqət yetirməlidir. Eyni zamanda ümumi insan haqları kontekstində yox, bunun məhz azərbaycanlılara qarşı yönəlməsi nəzərə alınmalıdır”.