Bəhruz Məhərrəmov: İrəvan özü sülh prosesində əngəl kimi çıxış etməkdədir

Bəhruz Məhərrəmov: İrəvan özü sülh prosesində əngəl kimi çıxış etməkdədir
# 20 fevral 2024 22:30 (UTC +04:00)

Azərbaycanın hərbi-siyasi qələbələrinin ardınca Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün heç bir prinsipial maneə qalmasa da, İrəvan özü sülh prosesində əngəl kimi çıxış etməkdədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Ermənistanda hələ də "Dağlıq Qarabağın" nümayəndəliyinin" mövcudluğu, o cümlədən bu gün orada “Arsax prezidentinin” və “rəsmilərinin” iştirakı ilə separatizmin dirçəlişinin 36-cı ildönümünə həsr olunmuş tədbirin təşkil edilməsi, revanşist bəyanatlar səsləndirilməsi göstərir ki, Baş nazir Nikol Paşinyanın davamlı sülh ritorikası əslində ucuz populizmdir: “Məlumdur ki, ötən ilin sentyabr ayından bu il fevralın 12-nə qədər faktiki olaraq Azərbaycan-Ermənistan şərti sərhədlərində atəş səsləri eşidilmirdi. Üstəlik, birbaşa təmaslar fonunda pozitiv gedişat müşahidə olunurdu. Lakin Zəngilan istiqamətində mövqelərimizin atəşə tutulması və ardınca qisas əməliyyatı fonunda gərginləşən situasiyanın Münxendə Azərbaycan və Ermənistan liderlərinin təmaslarından sonra nisbi axarına düşməsi sülh imkanlarının hələ də itmədiyini göstərir. Lakin real nəticələr üçün real iradə zəruridir. Münxen Təhlükəsizlik Konfransının ardınca Paşinyanın "dünya ictimaiyyətini" ittiham edən bəyanatlar səsləndirməsi deməyə əsas verir ki, Ermənistanda nəinki belə siyasi iradə yoxdur, əksinə İrəvan revanş üçün məqam gözləyir. Baxmayaraq ki Münxendə keçirilən ikitərəfli görüşün nəticəsi olaraq münasibətlərin tam şəkildə normallaşması üçün yeni şans yaranıb. Üstəlik antiterror tədbirlərinin ardınca Azərbaycan əleyhinə formalaşan təzyiq mühitinin Prezident İlham Əliyev tərəfindən neytrallaşdırılması və Bakının yaratdığı yeni reallıqları Münxendə bütün qlobal oyunçulara qəbul etdirməsi fonunda İrəvan artıq heç bir havadarının onun köməyinə çata bilməyəcəyini yaxşı başa düşür. Yəni artıq İrəvan reallıqlarla üz-üzədir. Hazırda əvvəlki dövrlərdən daha real olan sülhün bərqərar olunması üçün isə Ermənistan həm milli-ideoloji, həm də qanunvericilik səviyyəsində - Konstitusiya, milli qanunvericilik və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə Azərbaycana qarşı iddialarından əl çəkməlidir. Əks halda sülh müqaviləsi imzalansa belə, real hüquqi qüvvəyə malik olmayacaq. Belə ki, Ermənistan Konstitusiyasının 6-cı maddəsinə əsasən, İrəvanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin ratifikasiya olunması üçün həmin sənədlər Konstitusiyaya uyğun olmalıdır. Əgər sülh müqaviləsində İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqsa, Konstitusiyanın preambulası isə özündə Azərbaycana qarşı ərazi iddialarını ehtiva edəcəksə, bu, açıq hüquqi ziddiyyət olacaq və Konstitusiya qarşısında sülh müqaviləsinin heç bir hüquqi imkanı mövcud olmayacaq. Bu mənada, Ermənistan bütün səviyyələrdə iddialarından, o cümlədən təcavüzkar normativ bazisdən əl çəkməli, mövcud olmayan separatçı rejimin tör-töküntülərini birdəfəlik rədd etməlidir. Belə olan halda dayanıqlı sülh barədə danışa biləcəyik. İnaqurasiya mərasimində Prezidentin də dediyi kimi, “İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR