“Biz çalışmalıyıq ki, üzərimizdə olan məsuliyyəti anlayaq”.
APA xəbər verir ki, bunu BMT-nin İtkin düşmüş şəxslərlə bağlı Beynəlxalq Komissiyasının (İCMP) siyasət və əməkdaşlıq üzrə direktor Andreas Kleiser “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, insan hüquqları ən ali prinsipdir: “Mütləq şəkildə ailələri qorumaq və onlara hörmət etmək lazımdır. Əsir və itkin düşmüş şəxslərlə bağlı məsələləri heç vaxt unutmamalıyıq. Ən həssas məsələlərdən biridir ki, bu məsələdə birgə təcrübə mübadiləsi aparılmalıdır”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Moldova Respublikasının sabiq Baş naziri Kiril Qaburiç isə qeyd edib ki, hazırda elə addımlar atmalıdır ki, gələcəyimizi də sığortalayaq: “İtkin düşmüş şəxslərin taleyinə yüksək şəkildə dəstək verilməlidir. Əl-ələ verib bu məsələnin həlli istiqamətində addımlarımızı atmalıyıq. Beynəlxalq konfranslarda itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlərin səsləndirilməsi öz müsbət töhfəsini verəcək. Bu məsələdə artıq şəxsi təşəbbüslər də öz rolunu oynamalıdır".