Bakıda dünya prokurorlarının yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağı başa çatıb.
APA xəbər verir ki, bu gün Bakı Konqres Mərkəzində baş tutan tədbirin 4-cü (son) günündə 95 ölkədən 500-ə yaxın prokurorluq və ədliyyə əməkdaşı iştirak edib.
Tədbir çərçivəsində müxtəlif ölkələrin prokurorluq və ədliyyə qurumları arasında ikitərəfli və çoxtərəfli görüşlər baş tutub. Bundan əlavə, müxtəlif plenar sessiyalar, xüsusi maraq sessiyaları və şəbəkə iclasları keçirilib.
Konfransın son günü keçirilən “Rəqəmsal əsrdə qanunun aliliyinin təmin edilməsində prokurorun rolu – çağırış və cavablar”, “Rəqəmsal sübutlar və süni intellektdən istifadə çərçivəsində şəffaflığın, hesabatlılığın və məlumatların qorunmasının təmin edilməsi”, “Kibercinayətkarlığın təqibində beynəlxalq əməkdaşlığın əhəmiyyəti” adlı plenar sessiyaları və “Ekoloji cinayət”, “Kibercinayətkarlıq” və “Terrorla mübarizə” seminarlarında fikir mübadiləsi olub, müzakirələr aparılıb.
Tədbirin əsas hissəsindən sonra bağlanış mərasimi baş tutub.
Çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının uğurla başa çatdığını bildirib. O, həmçinin qeyd edib ki, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə iştirakçı dövlətlərin həmfikir olduğunu, bunun üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək.
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques çıxış edərək 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyevi və digər iştirakçıları təbrik edib.
Tədbir zamanı iştirakçılara göstərilən qonaqpərvərlik və xoş münasibətə görə təşəkkür edib.
Tədbirdə çıxış edən Assosiasiyasının Baş katibi Roel Dona tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prokurorluğuna və digər əməyi keçən hər kəsə təşəkkür edib. Yer kürəsinin ən gözəl şəhərlərdən biri olan Bakının indiyədək təyin olunmuş Konfranslar tarixində öndə yer tutduğunu qeyd edib.
Daha sonra Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhərində) keçiriləcəyini diqqətə çatdıraraq, Sinqapur Respublikasının Baş prokuroru cənab Lüsyen Vongu bu münasibətlə təbrik edib. Ona uğurlar arzulayıb.
Lüsyen Vong çıxış edərək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının uğurla başa çatması münasibətilə Baş prokuror Kamran Əliyev başda olmaqla bütün üzv ölkələri təbrik edib. O, bildirib ki, artıq BPA-nın 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Siqapurda keçirilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Lüsyen Vong 30-cu İllik (Yubiley) Konfrans və Ümumi Yığıncaqda Azərbaycanın geniş təcrübəsindən istifadə olunacağını qeyd edib.
Yekunda Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının rəmzi bayrağını Sinqapur Respublikasının Baş prokuroru cənab Lüsyen Vonga təqdim edib.
Bununla da, beynəlxalq tədbir başa çatıb.