Bank Of Baku

Britaniya səfiri: Azərbaycan Qlazqo konfransında liderlik nümayiş etdirib

# 02 noyabr 2022 11:07 (UTC +04:00)

İqlim dəyişikliyinin nəticələri Azərbaycan üçün də təhlükəlidir.

APA xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould "Azərbaycanda Yaşıl Transformasiya üzrə Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda konfransda deyib.

Diplomat bildirib ki, iqlim dəyişikliyi DİM-in əsasında dayanır, iqlim dəyişikliyi ilə mübarizə aparılmasa DİM-in də əhəmiyyəti olmayacaq.

Səfir qlobal cəmiyyətin artıq iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşdiyini deyib. O, bu il Britaniyada qeydə alınan rekord istiləri, Pakistanda güclü daşqınların səbəb olduğu tələfatı xatırladıb: “Cənab nazir Muxtar Babayevin də qeyd etdiyi kimi, iqlim dəyişikliyi Azərbaycan üçün də təhlükəlidir, yağışların azalması, temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına birbaşa səbəb olur ki, bu da qida təhlükəsizliyini, kənd təsərrüfatını təhdid edir”.

Diplomat ötən il Qlazqoda keçirilən COP26 konfransını xatırladaraq deyib ki, 151 ölkə bu konfransda emissiyalarla bağlı hədəflərini irəli sürüb və ya yeniləyib: “Bu il Misir bu konfransa ev sahibliyi edəcək ki, bu da çox çətin bir zamana təsadüf edir. Pandemiyadan sonra Rusiyanın Ukraynada işğal müharibəsinə başlaması enerji və qida təhlükəsizliyini çox ciddi təhdid edir. Mövcud iqlim dəyişikliyinin yaratdığı vəziyyəti daha da çətinləşdirir. Azərbaycan Qlazqoda keçirilən konfransda COP26-nın 11 öhdəliyinə qoşularaq liderlik nümayiş etdirib və biz bunu təqdir edirik və Azərbaycandan bu istiqamətdə milli səviyyədə qanunvericiliklə bağlı addımlar gözləyirik”.

Konfransda Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nagi Abdel Həmid də çıxış edib.

“Şübhəsiz ki, iqlim dəyişikliyi realdır, bütün ölkələr əl-ələ verib koordinasiyalı şəkildə işləməlidir”, - o deyib.

Diplomat ölkəsinin bu il COP27-yə ev sahibliyi edəcəyini xatırladıb və qeyd edib ki, o, ölkələrdən iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərinə sadiq qalaraq bunun daha da irəliyə aparılmasına ümid edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR