Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülhlə bağlı fiziki görüşlərin vacib əhəmiyyəti var

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülhlə bağlı fiziki görüşlərin vacib əhəmiyyəti var
# 02 mart 2024 17:41 (UTC +04:00)

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi üzrə fiziki görüşlərin vacib əhəmiyyəti var.

Bunu Antalya Diplomatiya Forumu çərçivəsində APA-nın Türkiyə müxbirinin sualına cavabında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan heyətlərinin Berlində 28-29 fevral tarixlərində keçirilən görüşündən öncəki 7 ay ərzində sülh müqaviləsi üzrə fiziki danışıqlar keçirilməyib.

“Bundan sonra daha çox mətn üzrə şərhlər, layihələr və tərəflərin bir-birinə onları ötürməsi olub. İstənilən halda bu prosesdə fiziki görüşlərin vacib əhəmiyyəti var. Son zamanlar bu istiqamətdə olan müsbət dinamikanı qeyd edə bilərik. İlk olaraq mən Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Almanya Kanslerinin təşəbbüsü ilə görüşünü qeyd etmək istərdim, hansı ki, bəlli bir fasilədən sonra liderlər arasında bir təmas oldu. Ümumilikdə biz onu (görüşü - red.) müsbət qiymətləndiririk. Və həmin o təmasdan sonra da xarici işlər nazirlərinin də görüşü barədə qərar qəbul olundu", - nazir deyib.

Ceyhun Bayramov erməni həmkarı ilə Berlində baş tutan görüşünü faydalı hesab etdiyini vurğulayıb:

“Burada bizim təklifimiz və qarşı tərəfin də qəbul etdiyi yanaşma ondan ibarət idi ki, bundan öncəki müzakirələrdən fərqli olaraq mətn, konkret maddələr üzrə müzakirələr aparmadıq. Ancaq, bir neçə açıq və tərəflərin razılaşmadığı yanaşmalar var. Və biz əsasən həmin məqamların müzakirəsinə iki günü həsr etdik”.

Nazir Azərbaycan tərəfinin özünün bir sıra gözləntiləri və baxışlarını qarşı tərəfə çatdırdığını deyib.

“Təbii ki, qarşı tərəfin arqumentlərini eşitmək şərti ilə, kifayət qədər intensiv və ətraflı müzakirələr baş tutub. Eyni yanaşmanı da qarşı tərəf çatdırdı. Qeyd etdiyim kimi, deyə bilmərəm ki, bu müzakirələr nəticəsində artıq konkret hər iki tərəf üçün həll yolları əldə olunub. Ancaq vəziyyəti daha yaxşı başa düşmək və növbəti təmaslara əsas yaratmaq üçün ümumilikdə faydalı müzakirələr kimi dəyərləndirirəm. Və tərəflərin də razılığı ondan ibarət oldu ki, təmasları davam etdirmək lazımdır”.

Onun sözlərinə görə, növbəti görüşün tarixi və məkanı hələ ki, razılaşdırılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR