“Avqustun 27-də Şuşada təşkil olunan beynəlxalq konfrans Laçının faktiki işğaldan azad edilməsindən bir gün sonraya və 31 avqustda Brüsseldə keçiriləcək Ermənistan Azərbaycan liderlərinin görüşündən isə bir neçə gün əvvələ təsadüf edir. Seçilən zaman və dəvət edilən iştirakçı kontingentin tərkibi Azərbaycanın bu konfransı təşkil etməkdə məqsədinin dünyaya xüsusi ismarıclar verməsinin göstəricisi hesab edilə bilər”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu deyib ki, məqsəd bir daha postmüharibə reallıqlarının regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açmasını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi ilə Azərbaycanın Şərqi Zəngəzurda suveren hüquqlarının bərpasının başa çatmasını və bu mərhələdə artıq mümkün sülh danışıqları üçün daha real və əlverişli şərtlərin yaranmasını diqqətə çatdırmaqdan ibarətdir: “Eyni zamanda, Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin miqyasının nə qədər böyük olduğunu, lakin buna baxmayaraq, qısa müddətdə həmin ərazilərdə necə böyük infrastruktur və enerji layihələrinin həyata keçirildiyini və bütün bunların hamısının heç bir yardım olmadan Azərbaycanın öz hesabına həyata keçirilməsinin nümayiş etdirilməsidir. Bütün bunlar isə regionda siyasi-iqtisadi əməkdaşlıq və sabitlik, rifah üçün atılan addımlardır. Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri isə belə deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək istəmirlər. Bunların hər ikisi zərərlidir, beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil. Üstəlik, hazırkı mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit alternativ enerji və nəqliyyat marşrutu təmin edən etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər”.
Deputat vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır, bu prosesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır: “Elə Şuşada təşkil edilən konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də daxil olmaqla, ümumilikdə 160-dan çox nümayəndənin qatılması da bunun əyani sübutudur”.