Bəzən eyforiyaya düşüb kimlərinsə rolunun süni şəkildə qabardımasına şahidlik edirik, amma hər kəs başa düşür, anlamayan da dərk etməlidir ki, yeni reallığın, bu gücün, zəfərlərin qarantı Heydər Əliyev kursudur.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin, o cümlədən yerli antimilli ünsürlərin timsalında bəzi dairələr Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda, Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi: “Amma seçkidən cəmi iki gün sonra Münxen Təhlükəsizlik Konfransında İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi. Azərbaycan Prezidenti Konfransda gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü. Bu eyni zamanda Azərbaycanın antiterror tədbirlərinin ardınca yaratdığı yeni status-kvonu dünyanın təhlükəsizlik arxitekturasına qəbul etdirilməsi idi. 60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. Hər kəs şahid oldu ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir. Prezident İlham Əliyev daxili auditoriyaya səsləndiyi ritorikanı qlobal təhlükəsizlik konturlarının müəyyən olunduğu platformalarda qoruyur. Məsələn, dövlət başçımız “Ermənistanla münasibətlərin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum olmaması”na dair Milli Məclisin tribunasından ifadə etdiyi mövqeyini, rahatlıqla ATƏT sədri, yaxud ABŞ dövlət katibi ilə görüşdə də diktə edir. Azərbaycan xalqı da 7 fevral seçkilərində nümayiş etdirdi ki, reallıqları çox gözəl anlayır və milli iradənin tələbi o yöndədir ki, bu kurs hələ uzun on illiklər davam edəcək, Heydər Əliyev irsi İlham Əliyev və onun layiqli varisi tərəfindən hələ uzun dövr ərzində idarəetmə modelindən asılı olmayaraq Azərbaycanı inkişaf və tərəqqiyə aparacaq”.
Deputat Vahid Əhmədov qeyd edib ki, Münxen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi: “Təsadüfi deyil ki,Münxen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər etdi. Emanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək, qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə Azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir. Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır. Ancaq heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü və qüdrətli müttəfiqi var. Dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi. İlham Əliyevin “Azərbaycan ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir” cümləsi bir daha “bir millət və bir ordu” olduğumuzu dünyaya bəyan edərək bölgədə bölücülük etmək istəyən qüvvələrə ciddi mesaj oldu”.