Paşha Bank
Bank Of Baku

Xəzərin sahilboyu ərazilərindəki torpaqlarla bağlı bəzi mexanizmlər açıqlanıb

Xəzərin sahilboyu ərazilərindəki torpaqlarla bağlı bəzi mexanizmlər açıqlanıb
# 19 noyabr 2026 12:11 (UTC +04:00)

"Sahilboyu ərazilərdəki torpaqların necə icarəyə verilməsi və istifadəyə təqdim olunması qaydaları mövcuddur".

APA xəbər verir ki, bunu Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin (gölünün) sahilboyu ərazilərinin idarə edilməsinin təkmilləşdirilməsi məsələsi ilə bağlı keçirilən brifinqdə bildirib.

“İlk növbədə, biz bu ərazilərə şərti olaraq ayrıca bir ərazi kimi baxacağıq. Həmin ərazilərdə torpaqların necə istifadə olunacağı, istifadənin hansı əsaslarla həyata keçiriləcəyi, icarə və ya mülkiyyət hüququnun tətbiqi məsələləri müəyyənləşdirilməlidir. Mülkiyyət hüququ bu sahədə çox nadir rast gəlinən haldır. Hətta hazırda qanunvericilikdə də həmin sahələr üzrə mülkiyyət hüququ verilmir. Lakin bəzi dövlətlərdə belə hüquqlar mövcuddur.

2000-ci illərin əvvəllərində, eləcə də 1990-cı illərdə qanuni əsaslarla müəyyən əmlak əldə etmiş, biznes qurmuş, obyektləri olan insanlar var. Bu məsələlər də nəzərə alınacaq və ümumi çərçivədə qiymətləndiriləcək. Qaydalar müəyyən edildikdən sonra əsas prinsip ondan ibarət olacaq ki, istənilən vətəndaş və ya sahibkarlıq subyekti yaradılacaq coğrafi sistem vasitəsilə müraciət etmək və orada yer seçmək hüququna malik olsun. Necə ki, hazırda Azərbaycanda torpaqların icarəyə verilməsi zamanı elektron kadastr informasiya sistemi mövcuddur və torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı müəyyən elektron xidmətlər göstərilir, burada da oxşar sistem yaradılacaq. Həmin rəqəmsal resurs vasitəsilə ərazilərin idarə olunması təmin ediləcək. Vətəndaş istənilən coğrafi məkana daxil olmaqla, qanunla müəyyən edilmiş hüquqlarını reallaşdırmaq imkanına malik olacaq. Müraciət bizim elektron müraciət pəncərəmizə daxil olacaq. Daha sonra həmin müraciət üzrə müvafiq yerquruluşu işləri aparılacaq, torpaqla bağlı razılaşdırmalar həyata keçiriləcək. Əgər fəaliyyət növü ilə əlaqədar digər dövlət qurumlarının razılığı tələb olunursa, müvafiq razılıqlar alınmalıdır. Sahibkarlıq fəaliyyəti, fövqəladə hallar və digər məsələlərlə bağlı əlavə sənədlər tələb oluna bilər. Bütün rəylər və razılıqlar alındıqdan sonra müvafiq qərar qəbul ediləcək və icarə müqaviləsi bağlanacaq. Belə sadə mexanizm nəzərdə tutulur. Amma əsas məsələ bu qaydaların qanunvericilikdə təsbit olunmasıdır”,- o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR