Bank Of Baku

Deputat: Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqlik xarakteri daşıyır

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 04 iyul 2025 11:01 (UTC +04:00)

Azərbaycanla Özbəkistan arasında münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov qeyd edib ki, ötən il bu barədə iki ölkə arasında imzalanmış müqavilə əlaqələrin bütün istiqamətlərdə inkişafı üçün zəmin formalaşdırıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərinin nəticələri əlaqələrin qarşılıqlı etimada əsaslandığını göstərir: “2024-cü ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 252 milyon dollara çatıb. Bu da iki ölkə arasında iqtisadi əlaqələrin gücləndiyini təsdiq edən əsas göstəricilərdən biridir. İki ölkə arasında ticarət dövriyyəsi 2018-ci ildə 32 milyon dollar idi, 2023-cü ildə 147 milyon dollar olmuşdu. Ötən il isə 2023-cü illə müqayisədə 41 faiz artım qeydə alınıb. Bu, iqtisadi əlaqələrin dinamik inkişafını əks etdirir”.

Deputat vurğulayıb ki, Azərbaycan və Özbəkistanın siyasi və iqtisadi əməkdaşlığının güclənməsi nəticə etibarilə türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə mühüm stimul verir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarının birində vurğulamışdı ki, bizim ailəmiz Türk dünyasıdır. Bu baxımdan, Özbəkistanla əlaqələrin inkişafına həm də türk dünyasının birliyi ideyası kontekstində yanaşmaq lazımdır. Özbəkistan ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib. Bizim ölkələrimiz arasında istənilən məsələni açıq və səmimi şəkildə müzakirə etməyə imkan verən münasibətlər mühiti var. Bu, xüsusilə indiki həssas dövrdə ən vacib məsələlərdən biridir”.

Soltan Məmmədov eyni zamanda qeyd edib ki, birgə təşəbbüslə yaradılan İnvestisiya Fondunun ticari, iqtisadi əlaqələrin inkişafına böyük töhfələr verəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR