“Ötən il 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə edən Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda atılacaq addımlar isə Cənubi Qafqaza əbədi sülh və tərəqqi vəd edir. Təbii ki, reallıqlardan irəli gələrək Azərbaycan-Türkiyə cütlüyünün təklif etdiyi əməkdaşlıq platforması öz növbəsində prosesə qoşulacaq xarici ölkələrə və beynəlxalq təşkilatlara da dividentlər vəd edir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, bir neçə gün öncəyə kimi Avropanın sanki bu reallıqla barışmaq istəmədiyi müşahidə edilirdi: “Elə Ermənistanı yeni təxribatlara sövq edən də bəzi Avropa dövlətlərinin sərgilədiyi mövqe idi. Bütün bunların fonunda Ermənistan Brüsseldə keçiriləcək görüşdən Azərbaycan təzyiq kimi istifadə ediləcəyinə ümid edirdi. Lakin bədxah qonşularımız yanıldılar. Daha dəqiq desək, savaşda düşməni məğlub edən Azərbaycan Prezidenti Soçidə olduğu kimi, Brüsseldə də danışıqlar masasından qalib olaraq ayrıldı”.
V. İskəndərov deyib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüş Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, Ermənistan üçün də diplomatik cəbhədə növbəti ölümcül zərbə rolunu oynadı: “Məsələni ümumiləşdirsək deyə bilərik ki, Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi səmərəli və praqmatik keçib. Bu görüşün tarixə Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmış üçtərəfli görüş kimi düşdüyünü desək, heç də yanılmarıq. Görüşdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirildi. Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır ki, bunlar da məhz postmüharibə dövründə Azərbaycanın danışıqlar masasına qoyduğu tələblər idi. Avropada artıq Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsini Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında da bir daha müşahidə etdik. Bir sözlə, Rusiyadan sonra Aİ-nin də reallıqdan çıxış edən mövqe sərgiləməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasətin nəticəsidir”.