Bank Of Baku

Deputat: “Azərbaycan Türk dünyasının inteqrasiyasında mühüm rol oynayır”

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 11 noyabr 2022 17:12 (UTC +04:00)

“Öz inkişafına görə regionun lider ölkəsi olan Azərbaycan siyasətində sülh, sabitlik, dostluq, əməkdaşlıq və sıx inteqrasiyaya üstünlük verir. Ölkəmiz bu baxımdan Türk dünyasının daha sıx inteqrasiyasında mühüm rol oynayır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Ümumilikdə Türk dünyasının birliyinin, bugünkü Türk Dövlətləri Təşkilatının özülünün qoyulmasında Azərbaycanın müstəsna xidmətləri var. Təsadüfi deyil ki, bu təşkilatın əsası da məhz Azərbaycanda, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə qoyulub. Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında da bəyan etdiyi kimi həmin ildən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Azərbaycan həmişə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən Türk dünyasının sıx birləşməsinə çalışıb. Təbii ki, bu işlərin mərkəzində dayanan ən mühüm amillərdən biri də Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliliyi, prinsipiallığı və hər zaman birliklə bağlı türk dövlətlərinə çağırışı olub. Düz 13 il əvvəl, 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Zirvə görüşündəki çıxışında İlham Əliyev Türk dünyasını daha sıx birliyə səsləyirdi. Prezidentin 13 il əvvəl dediyi “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaq. Çünki türkdilli ölkələrdə bütün imkanlar var - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcək. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır” sözləri Azərbaycan liderinin və onun timsalında dövlətimizin bu birliyin dərinləşməsi üçün sərgilədiyi qətiyyətin nümayişi idi. Ötən müddət ərzində qət edilən yola nəzər salanda biz Prezidentin bu çağırışı etməklə necə bir uzaqgörənlik sərgilədiyinin şahidi oluruq”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin timsalında Azərbaycan eyni prinsipiallığı bu gün də sərgiləyir: “Azərbaycan Prezidentinin Səmərqənddəki çıxışında səsləndirdiyi fikirlər, əslində TDT-nin yaxın gələcək üçün yol xəritəsi kimi dəyərləndirilə bilər. Çünki Prezident “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik” deməklə o yol xəritəsinin əsas konturlarını göstərmiş oldu”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR