Qərb Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu dönəmdə Minsk konfransını təşkil etmədi, Ukrayna üçün Qlobal Sülh Sammiti keçirmək istəyir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat deyib ki, hazırda dünya düzənində bir sıra qanlı toqquşmalar və müharibələr var: “Rusiya-Ukrayna müharibəsində bu sırada ən aktual hərbi toqquşmalardan biridir. Müharibə başlayandan bu günə kimi tərəflər arasında sülhə nail olmaq üçün bir çox cəhdlər edilib. Lakin bu günə kimi heç bir nəticə əldə edilməyib. Bu həftə Qərb İsveçrədə Qlobal Sülh Sammiti keçirəcək. Lakin Rusiya-Ukrayna probleminin həllini hədəfləyən bu tədbir birtərəfli addımdır və sülhə gətirməyəcək. Dünya birliyi bu cür münaqişələri həll etmək istəyirsə, səmimi yanaşma sərgiləmədir”.
Vüqar İskəndərov qeyd edib ki, səmimi yanaşma deyəndə dünya birliyinin digər məsələlərə də eyni prizmadan yanaşmasını nəzərdə tutur: “Azərbaycan xalqının sualı - bizim torpaqlarımız işğal altında olan niyə belə konfrans təşkil olunmadı? Münaqişənin həlli ilə bağlı Minsk konfransı təşkil olunmalıydı. Amma Qərb bu addımı atmadı və həmin dövrdəki status-kvonu qorumağa çalışdı. Nəticədə də Azərbaycan hərbi, siyasi vasitələrlə münaqişənin həllinin unikal modelini yaratdı. Bu gün isə Qərb guya Rusiya-Ukrayna problemini həll etmək istəyir. Bu cəhdlər isə yuxarıdakı səbəblər ucbatından birmənalı qarşılanmır. Çünki aparıcı Qərb ölkələri qeyri-səmimi davranışları ilə beynəlxalq arenada etimadı itiriblər”.